Tokio Universitetinin alimləri də daxil olmaqla beynəlxalq tədqiqatçılar qrupu heyrətamiz kəşf ediblər: Cənubi Afrikadakı Buşveld Maqmatik Kompleksindəki 2 milyard illik qayalarda canlı mikroorqanizmlər aşkar edilib.
HİT.az xəbər verir ki, araşdırma "Microbial Ecology" jurnalında dərc olunub.
İndiyə qədər ən qədim mikrobların yaşayış yerlərinin dəniz dibinin altında təxminən 100 milyon illik çöküntülər olduğu düşünülürdü. Yeni tapıntı təkcə həyatın yaşayış yerləri haqqında anlayışımızı genişləndirmir, həm də Yerdəki həyatın ilkin təkamülünü öyrənmək üçün imkanlar açır.
Layihənin aparıcı tədqiqatçısı doktor Yohei Suzuki deyib: “Biz gözləmirdik ki, iki milyard illik qayaların yaşamaq üçün yararlı ola bilər”.
Mikroorqanizmlər gil minerallarla dolu qaya çatlarında tapılıb. Bu çatlar mikrobları xarici təsirlərdən qoruyaraq, onların kənara çıxmasının və ya xarici maddələrin daxil olmasının qarşısını alan sabit mühit təmin edir.
Təhlil mikroorqanizmlərin yerli olduğunu və qazma və ya nümunə analizi zamanı gətirilmədiyini təsdiqləyib. Doktor Suzukinin sözlərinə görə, bu nəticə NASA-nın Perseverance missiyası tərəfindən nümunələri tezliklə Yerə gətiriləcək Marsın qədim qayalarında həyatın aşkarlanmasına ümid verir.
“Yerdən alınan bu cür qədim nümunələrdə mikrob həyatının olması Marsda oxşar tapıntılara böyük ümid verir”, deyə alim əlavə edib.
Kəşf nəinki qədim yeraltı həyatın mövcudluğuna işıq salır, həm də planetimizdən kənarda həyatın kəşf edilməsi şansını artırır. Bu, keçmişin biologiyasının və gələcəyin astrobiologiyasının öyrənilməsində mühüm addımdır.
Samir