İran İsraillə müharibə edəcək - "Belə potensialı yoxdur"

DÜNYA
11:04 / 29.11.2024
69

İran tərəfindən İsrailə müharibəyə hazır olduqlarına dair yeni bəyanat verilib. 

Belə ki, ölkənin xarici işlər naziri Abbas Araqçı İranın İsraillə genişmiqyaslı müharibəyə hazır olduğunu deyib:

“İran regionda eskalasiyaya can atmır, lakin özünü müdafiə edə bilər. İran İsraillə müharibəyə hazır olsa da, bunu istəmir. Biz israillilərdən fərqli olaraq bölgədə gərginlik tərəfdarı deyilik. 

Təbii ki, biz müharibəyə, hətta irimiqyaslı müharibəyə də hazırıq. Amma bu bizim istəyimiz və seçimimiz deyil. İsrail tərəfi bu variantı seçsə, biz buna tam hazırıq”.

Maraqlıdır, İran blef, yoxsa xəbərdarlıq edir? Ümumiyyətlə, İranın belə bir müharibə aparmaq potensialı varmı? 

Mövzu ilə bağlı bağlı politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında bildirib ki, İran indiki mərhələdə hədəf olaraq özünün seçilməsini və İsraillə birbaşa müharibəyə girmək istəməz:

363364

"Heç bunda maraqlı da deyillər. Yaxın Şərqdə proksi qüvvələrinin hərəkətə gətirilməsinin, İsrailin HƏMAS və "Hizbullah"la müharibələrə başlamasının səbəblərindən biri də İranın İsraildən gələ biləcək hücumları öz sərhədlərindən kənarda tutmasından ibarət idi. İran İsrailin ona hücum edəcəyindən çəkinərək proksi qüvvələrini hərəkətə gətirdi və Yaxın Şərqdəki müharibənin başlamasına nail oldu. İsrailin uzun müddət HƏMAS və "Hizbullah"la müharibə aparması üçün İran hər iki qruplaşmaya da maddi və silah yardımı etdi".

Lakin ekspert qeyd edib ki, hazırda İsrailin "Hizbullah" və HƏMAS-la müharibəni dayandırma ehtimalı İranı narahat edir:

"Ona görə də Tehran rəsmiləri belə bəyanatlar verərək müharibədən çəkinmədilərini göstərməyə çalışırlar. Amma İsrail-İran müharibəsi başlayacağı təqdirdə, İsrail tək olmayacaq. Çünki həm dünyada anti-İran koalisiyası mövcuddur, həm də İsrail Qərbdəki böyük dövlətlər tərəfindən dəstəklənir. Bu isə o deməkdir ki, həmin qüvvələr də ehtimal olunan müharibədə iştirak edə bilərlər. 

Əlbəttə ki, bu da rəsmi Tehranın maraqlarına cavab vermir. Üstəlik, İranın silah-sursat baxımından gücünün hansı səviyyədə olmasını da hər kəs bilir. Xüsusilə, hava hücümu sistemlərinin zəif olduğu görünür. İran uzun müddət sanksiyalar altında qaldığı üçün bu istiqamətdə sənayesini inkişaf etdirə bilməyib".

Politoloq vurğulayıb ki, İsraillə müharibə İran üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər:
"Üstəlik, İranın uzun müddət müharibə aparmaq potensialı da yoxdur. İranın İsraili dəstəkləyəcək ölkələrə qarşı müqavimət göstərmək imkanları demək olar ki, sıfıra bərabərdir. Ona görə də Tehran hakimiyyəti müharibə istəmir. Sadəcə olaraq İsraili və ətrafındakı gücləri çəkindirmək üçün belə bəyanatlar verirlər. İran təbii olaraq narahatdır. Narahatlığını da həm bəyanatlar, həm də Avropa ilə danışıqlar apararaq biruzə verir". 

Pərviz

0