2023-cü ildə hərbi-sənaye kompleksi müəssisələri satışlarda əhəmiyyətli artım qeydə alıb.
HİT.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) yeni illik TOP-100 hesabatında deyilir.
Dünyanın ən böyük müdafiə şirkətlərinin birgə silah satışı keçən il 4,2% artaraq 632 milyard dollara çatıb. Eyni zamanda, silah satışı ən çox Rusiyada artıb - 40%.
“2023-cü ildə Rusiya şirkətləri tərəfindən silah satışlarının kəskin artması müxtəlif növ silahların, o cümlədən hava hücumundan müdafiə sistemləri, bəzi növ raketlər, qırıcılar, pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri və quru qoşunları üçün silahların istehsalının artması ilə bağlıdır", deyə Sipri mütəxəssisləri izah edib.
Reytinqdə Almaniyadan olan dörd şirkət də yer alıb - onların 2023-cü ildə müdafiə satışları 10 milyard avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,5% çoxdur. Ən böyük artım "Diehl" (83-cü yer, +30%) tərəfindən qeydə alınıb və "Rheinmetall" (26-cı yer, +10%) Ukraynada silaha artan tələbat səbəbindən öz mövqeyini yaxşılaşdırıb.
2023-cü ildə TOP-100-ə daxil olan 41 ABŞ şirkəti müdafiə satışlarını 2,5% artıraraq 314 milyard dollara çatdırıb ki, bu da ümumi satışların 31%-ni təşkil edir.
Eyni zamanda, dünyanın iki ən böyük müdafiə şirkəti - "Lockheed Martin" (-1,6%) və RTX (-1,3%) azalma qeydə alıb.
"Mürəkkəb silah sistemləri istehsal edən bir çox böyük müdafiə şirkətləri 2023-cü ildə artan xərclər və davamlı tədarük zəncirinin pozulması ilə mübarizəni davam etdirdilər", deyə ekspertlər öz hesabatlarında izah ediblər.
Samir