NATO-nun baş katibi Trampa "dəhşətli təhlükə" barədə xəbərdarlıq etdi

DÜNYA
10:15 / 03.12.2024
93

NATO-nun baş katibi Mark Rütte Donald Trampa xəbərdarlıq edib ki, Ukrayna Rusiya ilə müharibəni dayandırmaq üçün güzəştə getməyə məcbur olarsa, ABŞ Çin, İran və Şimali Koreyadan dəhşətli təhlükə ilə üzləşəcək.

HİT.az xəbər verir i, NATO lideri Financial Times qəzetinə müsahibəsində Ukraynanın yaxşı sövdələşməyə ehtiyacı olduğunu vurğulayıb və ABŞ-ı hərbi dəstəyi davam etdirməyə çağırıb. 

Onun sözlərinə görə, Ukraynanı əlverişsiz sülhə məcbur etmək yalnız ona gətirib çıxaracaq ki, Qərbin düşmənləri sevinəcəklər və öz hücumlarını planlaşdırmağa başlayacaqlar.

"Biz imkan verə bilmərik ki, Kim Çen In və Rusiya lideri, Si Szinpin və İran bizim Ukraynaya yaraşmayan razılaşma əldə etdiyimiz üçün birgə xoşbəxt olsunlar, çünki bu, uzunmüddətli perspektivdə təkcə Avropa üçün deyil, həm də ABŞ üçün təhlükəsizlik baxımından ciddi təhlükə yaradacaq", deyə Rütte qeyd edib.

Rütte əlavə edib ki, Rusiya, Çin, Şimali Koreya və İran arasında dərin hərbi və iqtisadi əlaqələr mövcuddur və qarşılıqlı silah və pul tədarükü Ukrayna və Yaxın Şərqdəki müharibələri alovlandırır.

O qeyd edib ki, Rusiyanın Ukraynanın böyük bir hissəsini ələ keçirməsinə icazə verilsə, Çin lideri Tayvana qarşı güc tətbiq etmək cəsarətini hiss edə bilər.

Rütte həmçinin əlavə edib ki, mümkün sülh danışıqları öncəsi Ukrayna prezidenti Volodimir Zelenskiyə hərbi dəstəyin artırılması Ukraynaya NATO üzvlüyünün nə vaxt təklif oluna biləcəyini müzakirə etməkdən daha vacibdir:

"Hazırda ən vacib şey Zelenski sülh danışıqlarına başlamaq qərarına gələndə bunu güclü mövqedən həyata keçirə biləcəyinə əmin olmaqdır. Mənim üçün bu, indi bir nömrəli prioritetdir".

Samir

0