"Əslində, Gürcüstanda belə proseslərin baş verəcəyi gözlənilirdi".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, seçkilərdən sonra hakim Gürcü Arzusu Partiyasının qalib gəlməsindən və onların son zamanlarda Qərblə münasibətlərinə məsafə qoyması Qərbin səssiz qalmayacağını bəlli edirdi:
"Faktiki olaraq, Qərb Gürcüstandakı seçkilərin nəticələrindən narazıdır. Son yaşanan aksiyalar da bu narazılığın təzahürüdür. Aksiyaların bu qədər geniş vüsət almasına səbəbin Gürcüstanın 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük məsələsini dayandırmağı əsas gətirsələr də, bu sadəcə bəhanədir. Çünki Qərb vaxtilə Ermənistanda və Ukraynada etdiyi kimi Gürcüstanda da "rəngli inqilab" etməyə çalışır".
Ekspert qeyd edib ki, Gürcüstanda Qərbin çox ciddi agentura şəbəkəsi var:
"Bir sıra təşkilatlar, QHT-lər və siyasi partiyaların təxribatçı funksionerləri vasitəsilə Gürcüstanda aksiyaları daha da genişləndirirlər. Amma bütün bunlara baxmayaraq, hakim partiyanın da dəstəkçilərinin sayı az deyil. Hər nə qədər proseslər gərgin və hakimiyyətin əleyhinə kimi görünsə də, Gürcü Arzusu Partiyasının etirazlar qarşısında təslim olacağını zənn etmirəm. Xalqın iradəsi ilə hakimiyyətə gələn qüvvənin kənar qüvvələr vasitəsilə iqtidardan gedəcəyi ehtimalları real deyil".
Politoloqun sözlərinə görə, Gürcüstanda hakim partiyanın nə etmək istədiyi doğru başa düşülmür:
"Mən sözügedən siyasi elitanın birmənalı şəkildə Qərbdən üz çevirdiyini və Rusiya ilə yaxınlaşdığını düşünmürəm. Məsələn, Gürcüstan hakimiyyəti Qərbə inteqrasiya prosesinə sadiq olduğunu açıqlayır, amma 2008-ci ildən bəri Qərb tərəfindən sözügedən ölkə ilə bağlı müsbət addımlar atılmır.
Yəni Gürcü Arzusu Partiyasının Qərblə məsafəli davranması əslində etiraz və narazılıq ifadəsidir. Burada birmənalı imtinadan danışmaq olmaz. Bundan başqa, Gürcüstanın Rusiya ilə yaxınlaşdığı da real deyil. Gürcüstan sadəcə olaraq münaqişənin həlli üçün Rusiya ilə münasibətlər qurur".
Pərviz