"Hazırda dünyada gedən proseslər və müxtəlif bölgələrdə yaşananlar yaxın gələcəkdə hansısa hadisələrlə atılacaq addımlarla bağlı proqnozlar verməyi çətinləşdirir".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hazırda baş verən münaqişələrin bir çoxunda birbaşa və dolayı yolla İran da iştirak edir:
"Rusiya-Ukrayna müharibəsində ruslara silah-sursat ötürülməsində, İsrailin HƏMAS və "Hizbullah"la müharibəsində isə proksi qüvvələrinin silahlanmasında, maliyyə dəstəyinin verilməsində iştirak edir. Hətta İsraillə İran arasında bir-birinin ərazilərinə zərbə endirməyə qədər mürəkkəb vəziyyət yaranıb. Həmçinin, Suriyada da yaranmış vəziyyət fonunda İran sıxışdırılır".
Ekspert qeyd edib ki, baş verən proseslər İranı Qərblə razılaşmağa məcbur edə bilər:
"Bu baxımdan, İran ilə Avropa İttifaqı ölkələri arasında nüvə anlaşması ilə bağlı aparılan danışıqlar hansısa formada müsbət nəticələnə bilər. Təbii ki, belə olan halda ABŞ-nin bu razılaşmaya münasibəti də sual doğuracaq. Nəzərə almaq lazımdır ki, Tramp birinci prezidentlik dövründə İranla bağlı sərt addımlar atırdı.
Bu dəfə də seçkiqabağı kampaniyada İrana sanksiyalar və digər məsələlərin gündəmdə olacağının mesajını verib. Yəni ABŞ-nin yenidən İranla nüvə sazişinə qoşulmama ehtimalı yüksəkdir. Hətta rəsmi Vaşinqton Avropa İttifaqı ölkələrinə təzyiq edə və onlar da geri addım ata bilər. Lakin hazırda bunlar fərziyyədən ibarətdir".
Politoloqun sözlərinə görə, hər şey rəsmi Tehranın addımlarından asılı olacaq:
"İran dünyanın müxtəlif qaynar nöqtələrində Qərbin rəqiblərini dəstəkləyən mövqedən geri çəkiləcəyi halda, Tehran hakimiyyəti ilə münasibətlərin normallaşdırılması mümkündür. Lakin bu ehtimal olduqca aşağıdır".
Pərviz