Suriyada Əsəddən sonra nələr olacaq? - "1-2 ay..."

DÜNYA
10:51 / 10.12.2024
182

"Suriyada bundan sonrakı vəziyyətin necə olacağı barədə birmənalı fikir söyləmək mümkün deyil".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Bəşər Əsədin hakimiyyətdən getməsini istəyən qüvvələrin bundan sonra Suriyadan əl çəkəcəkləri sual altındadır:

"Məncə, Bəşər Əsədin hakimiyyətdən getməsinə baxmayaraq, Suriyada maraqlı olan dövlətlər və güclər həmin ölkədən tamamilə çəkilməyəcəklər. Çünki Suriyaya daxil olan Qərb dövlətlərinin əsas hədəfi Əsədi devirmək deyil, ölkənin sərvətlərinə sahib olmaq idi.

Bu gün ABŞ-nin PYD/YPG terrorçuları vasitəsilə nəzarət etdiyi Suriya torpaqlarının böyük əksəriyyəti ölkənin zəngin təbii sərvətləri olan ərazilərdir. Həmin ərazilərin yeni gələcək Suriya hakimiyyətinə təhvil veriləcəyini də düşünmürəm". 

363943

Ekspertin sözlərinə görə, Suriyadakı hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyini gözləmək üçün 1-2 ay gözləmək lazımdır:

"Artıq suriyalılar Bəşər Əsədin hakimiyyət illərindəki qədər əzab çəkməyəcəklər. Ən azından suriyalı körpələr güllələr altında qalaraq həlak olmayacaqlar". 

Politoloq qeyd edib ki, Bəşər Əsəd təkbaşına məğlub olmadı:

"Əsədlə birlikdə Rusiya və İran da məğlub oldu. Onlar Əsədi müdafiə edə bilmədi. Bu isə təbiidir. Çünki bu gün İran da, Rusiya da küncə sıxışdırılıb. Belə olduğu təqdirdə, şübhəsiz ki, Bəşər Əsədi müdafiə edə bilməyəcəkdilər". 

Elçin Abdullayev vurğulayıb ki, prosesdən qalib çıxan dövlətlərdən biri isə qardaş Türkiyə oldu:

"Demək olar ki, Türkiyə Suriyada istədiyinə müəyyən qədər nail oldu. Bundan sonrakı proseslərdə də Suriya üçün təminatçı rolunu oynayan ölkə məhz Türkiyə olacaq".

Pərviz

0