"Reuters": ABŞ HTŞ-yə Suriyada bütün hakimiyyəti ələ keçirməməyi tövsiyə edib

DÜNYA
16:45 / 11.12.2024
68

Birləşmiş Ştatlar “Həyat Təhrir əl-Şam” qrupuna Suriyada inklüziv hökumətin qurulmasını dəstəkləməyi və ölkədəki bütün hakimiyyəti öz üzərinə götürməməyi tövsiyə edib. 

HİT.az xəbər verir ki, bu barədə Amerika rəsmilərinin mənbələrinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası son günlər Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri, eləcə də Türkiyə ilə koordinasiyalı şəkildə HTŞ ilə əlaqələri davam etdirməyə başlayıb.

O da məlumdur ki, Bayden administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərini bu təmaslar barədə xəbərdar edir.

Dekabrın 8-nə keçən gecə müxalifət Dəməşqi ələ keçirdi. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra TASS-ın Kremldəki mənbəsi bildirib ki, Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara “humanitar səbəblərə görə” sığınacaq verib.

Samir

0