Vaterloo Universitetinin tədqiqatçıları ilk dəfə olaraq peyklər vasitəsilə atmosferdə HFC-125 adlı flüorokarbon qazının konsentrasiyasını ölçüblər. Məlumatlar göstərir ki, son 20 ildə bu qazın səviyyəsi təxminən 10 dəfə artıb.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Quantitative Spectroscopy and Radiative Transfer" (JQSRT) jurnalında dərc olunub.
HFC-125 hidrogen flüorokarbonlar qrupuna daxildir və yanğınsöndürənlərdə, həmçinin kommersiya soyutma sistemlərində geniş istifadə olunur. Hərçənd HFC qazları ozon qatını dağıtmır, lakin qlobal istiləşməni əhəmiyyətli dərəcədə sürətləndirir.
Kanada Kosmik Agentliyi tərəfindən dəstəklənən "Atmospheric Chemistry Experiment" (ACE) layihəsi atmosferin kimyəvi tərkibini SCISAT peyki vasitəsilə öyrənir. 2004-cü ildən etibarən bu peyk, 11–25 kilometr yüksəkliklərdə atmosferdəki molekullar, o cümlədən HFC-125 haqqında məlumatlar toplayır.
"Biz atmosferdə HFC-125 qazının konsentrasiyasında təxminən onqat artım müşahidə etdik", deyə ACE missiyasının aparıcı alimi, professor Piter Bernat bildirib.
Professor Bernat həmçinin, Monreal protokolunda müəyyən edilmiş yeni beynəlxalq məhdudiyyətlərin bu artımı ləngidəcəyinə ümid etdiyini ifadə edib. Bu məhdudiyyətlər digər zərərli maddələrdə olduğu kimi, HFC-125-in də təsirlərini azaltmaqda mühüm rol oynaya bilər.
HFC-125-in tədqiqi iqlimşünaslara iqlim dəyişikliyini daha dəqiq proqnozlaşdırmaqda və atmosferdəki kimyəvi prosesləri daha yaxşı anlamaqda kömək edəcək. Buna qədər bu qazın konsentrasiyası yalnız yer səviyyəsində və ya atmosferin aşağı qatlarında ölçülürdü.
"Bizim peyk 20 illik fəaliyyəti ərzində unikal məlumatlar toplayıb. Bu, atmosferə və qlobal istiləşməyə təsir edən molekullar haqqında dəyərli məlumatlar təqdim etməyə davam edən ən uğurlu elmi kosmik missiyalardan biridir", deyə Bernat əlavə edib
Samir