"Almaniya hökuməti Almaniya kansleri Olaf Şolts əleyhinə etimadsızlıq səsverməsindən sonra Avropa üçün təhlükəli bir zamanda çökdü".
HİT.az xəbər verir ki, bunu Amerikanın "The New York Times" qəzeti yazıb.
"Almaniya hökuməti Avropa üçün təhlükəli bir vaxtda çökdü. Bu qitənin ən güclü iqtisadiyyatlarından birində siyasi qeyri-sabitliyi artırdı", deyə nəşr qeyd edib.
Bildirilir ki, Şoltsa etimadsızlıq səsverməsi iqtisadi və təhlükəsizlik problemlərinin artdığı bir vaxtda Avropada liderlik böhranını daha da pisləşdirib. NYT-nin məlumatına görə, Ukraynada münaqişə kəskinləşib, Rusiya Kiyevə və onun tərəfdarlarına qarşı getdikcə daha sərt təhdidlər etməyə başlayıb və yeni seçilmiş prezident Donald Tramp ABŞ-da vəzifəsinin icrasına hazırlaşır. Bütün bunlar ticarət əlaqələri və avropalıların hərbi müdafiəsi ilə bağlı yeni suallar doğurur.
Eyni zamanda, NYT xatırladır ki, problemlər Fransada da müşahidə olunur. Həm Almaniya, həm də Fransa çətin vəziyyətdə olan iqtisadiyyatlarını ən yaxşı şəkildə necə dirçəltmək, genişlənən sosial bölünmələri aradan qaldırmaq, seçicilərin immiqrasiya ilə bağlı narahatlığını azaltmaq və milli müdafiəni gücləndirmək barədə müzakirələr aparır.
Dekabrın 16-da Almaniya parlamenti (Bundestaq) Şoltsun kabinetinə etimadsızlıq səsverməsi keçirib. Səsvermənin nəticələri Almaniya prezidenti Frank-Valter Ştaynmayer tərəfindən təsdiqlənərsə, o zaman ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki fevralın 23-nə təyin olunacaq. Bu hadisələr fonunda Şolts ölkə prezidenti Frank-Valter Ştaynmayerə Almaniya parlamentinin buraxılmasını təklif edib.
Samir