"Türkiyə 30 ilə yaxındır ki, Avropa İttifaqına üzv olmaq istəyir".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, faktiki olaraq Türkiyənin bu istəyi reallaşmır:
"Bunun səbəbi isə Avropa ölkələrinin Türkiyəyə qarşı ikili standartlarıdır. Qardaş ölkə Avropa Konvensiyasının bir çox tələblərini yerinə yetirməsinə baxmayaraq, müxtəlif formalarda prosesə əngəl yaratmağa davam etdilər.
Təbii ki, rəsmi Ankara da bir müddətdən sonra yaşananlardan bezdi və sıxıldı. Avropa İttifaqı xristian klubudur və nə qədər qəribə də olsa orada din amili mühüm rol oynayır".
Ekspert hesab edir ki, Türkiyənin yaxın gələcəkdə Avropa İttifaqına üzv olacağı inandırıcı görünmür:
"Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi hələlik dayandırılıb. Ankara hakimiyyəti düşünür ki, Avropa İttifaqının Türkiyəyə ehtiyacı olmalıdır. Lakin əfsuslar olsun ki, yaxın perspektivdə Türkiyənin Avropa İttifaqına üzv olacağı gözlənilmir.
Hətta rəsmi Ankaranın da bu ittifaqa qarşı mövqeyinin dəyişəcəyini zənn etmirəm. Bunun əvəzində isə Türk Dövlətləri Təşkilatı Avropa İttifaqı modelində tərtib oluna bilər. Görünən odur ki, Türkiyənin də əsas hədəfi budur".
Pərviz