Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi - "Bloomberg"

DÜNYA
23:55 / 24.12.2024
66

Prezidentlik dövründən əvvəl sosial mediada etdiyi açıqlamaları ilə diqqət çəkən və bu açıqlamaları diplomatik əlaqələrdə narahatlıqlar yaradan Donald Tramp (Donald Trump), ticarət sanksiyaları ilə bağlı təhdidlərinin miqyasını getdikcə artırır. Tramp, "Panama kanalı"nda ABŞ gəmiləri üçün keçid xərclərinin çox yüksək olduğunu bildirərək, Panamanın Çinlə əlaqələrini tənqid hədəfi kimi göstərib. Hətta lazım gələrsə, kanalın ABŞ tərəfindən nəzarət altına alınacağını bəyan edib. Bəs, qlobal ticarətdə bu qədər strateji əhəmiyyətə malik olan "Panama kanalı" tarixi baxımdan kimin hakimiyyətində olub və necə bir siyasi şəraitdə yaranıb?

Valyuta.Az xəbər verir ki, hazırda Panama Respublikası tərəfindən idarə olunan və "Süveyş kanalı" ilə birlikdə dünyanın ən mühüm iki süni su yolundan biri hesab edilən "Panama kanalı" 1914-cü ilin avqustunda ABŞ dövləti tərəfindən tamamlanıb. Lakin kanalın tarixi olduqca qarışıqdır.

"Panama kanalı"nın ilkin layihələri

"Panama kanalı" ilə bağlı ilk layihələr 1800-cü illərdə ABŞ və Britaniya iş adamlarının Atlantik və Sakit okean sahilləri arasındakı dəniz daşımaları xərclərini azaltmaq istəklərindən yaranıb. Bu mövzuda uzun müddət davam edən ABŞ-Britaniya rəqabəti, 1850-ci ildə imzalanmış və Nikaraqua Respublikasından keçən ortaq kanalın yaradılmasını nəzərdə tutan "Klaiten-Bulver" (Clayton-Bulwer) müqaviləsi ilə sona çatıb. Lakin bu İngilis-Amerika kanal layihəsi nəzəriyyədən kənara çıxa bilməyib.

Panama boğazında ilk dəfə kanal tikintisi təşəbbüsü isə 1881-ci ildə, o dövrdə Panama ərazisinə sahib olan Kolumbiya tərəfindən Fransız kapitalına malik "Compagnie Universelle du Canal Interoceanique" adlı şirkətə imtiyaz olaraq verilib. Eyni zamanda "Süveyş kanalı"nı da inşa etmiş bu şirkət, Panamada dəniz səviyyəsində kanal layihəsi hazırlayıb. Lakin layihə Panama coğrafiyasına uyğun olmadığı səbəbilə fransız mühəndis Adolf Godin de Lepine (Adolphe Godin de Lépinay) tərəfindən tənqid edilib. Lepinenin etirazlarına məhəl qoyulmadan layihəyə başlanılıb.

Panamanın tropik torpaqları və iqliminin nəzərə alınmaması, səhv texnologiyaların tətbiqi və epidemiyalar kimi səbəblər nəticəsində layihə maliyyələşdirilə bilməyib və Fransız şirkətinin layihəsi yarımçıq qalıb. 9 illik uğursuz layihə cəhdi 20 mindən çox işçinin ölümünə və layihəni icra edən şirkətin müflis olmasına səbəb olub. Artıq kanal üçün yeganə ümid bölgədə kanal hüququnun satışa çıxarılacağı yeni bir şirkətin yaradılması idi.

ABŞ-ın "Panama kanalı"nın inşasında rolu və tarixi

1901-ci ildə ABŞ "Panama kanalı"nın inşası ilə bağlı proseslərə müdaxilə etməyə başladı. Həmin il imzalanan "Hay-Pauncefote" müqaviləsi ilə ABŞ-a kanal tikmək üçün icazə verildi. 1902-ci ildə qəbul edilən "Spooner" qanunu ilə ABŞ, Panamada uğursuz olan kanal layihəsi nəticəsində dağılmış Fransa şirkətinin səhmlərini almaq və Kolumbiya ilə razılıq əldə ediləcəyi halda layihəni öz nəzarətinə götürmək niyyətini rəsmiləşdirdi.

Lakin Kolumbiya parlamenti ABŞ-ın təqdim etdiyi maliyyə şərtlərini qəbuledilməz hesab etdi və iki dövlət arasında razılaşma əldə olunmadı. ABŞ prezidenti Teodor Ruzvelt (Theodore Roosevelt) bu narazılığa cavab olaraq ABŞ döyüş gəmilərini Panama şəhəri və Kolona göndərdi. Kolumbiyanın ABŞ-ın təhdidlərinə qarşı cavab verməkdə aciz qalması nəticəsində 3 noyabr 1903-cü ildə Panama müstəqilliyini elan etdi. Müstəqillikdən sonra "Panama kanalı"nın tikintisi və idarəetmə hüququ ABŞ-a verildi. 1914-cü ildə isə kanalın inşası tamamlandı.

"Panama kanalı"nın ticarət yolları və iqtisadi əhəmiyyəti

"Panama kanalı"ndan keçən əsas ticarət marşrutları ABŞ-ın şərq sahilləri ilə Şərqi Asiya, ABŞ-ın şərq sahilləri ilə Cənubi Amerikanın qərb sahilləri, Avropa ilə Şimali Amerikanın qərb sahilləri, Avropa ilə Cənubi Amerikanın qərb sahilləri və Şimali Amerikanın şərqi ilə Avstraliya arasında yerləşir. Beynəlxalq kanal trafiki əsasən ABŞ-ın şərq sahilləri ilə Şərqi Asiya arasında olan daşıma fəaliyyətləri ilə bağlıdır.

Kanal vasitəsilə həyata keçirilən yük daşımalarında ilk beşlikdə ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Çili qərar tutur.

"Panama kanalı"nın idarəetmə tarixi və hazırkı vəziyyəti

1914-cü ildən 1979-cu ilə qədər "Panama kanalı" tamamilə ABŞ-ın nəzarətində idi. 1979-cu ildən etibarən kanalın idarəetməsi ABŞ və Panama Respublikasının birgə yaratdığı "Panama Kanal Komissiyası"na keçdi. 1999-cu ildə isə kanalın idarəetməsi tamamilə Panama Respublikasının yaratdığı "Panama Kanal İdarəsi"nə təhvil verildi.

Hazırda da bu quruma tabe olan kanalın gəlirlərinin bir hissəsi hər il birbaşa Panama xəzinəsinə köçürülür. Panama tərəfindən bildirildiyinə görə, ötən maliyyə ilində bu məbləğ 2,5 milyard dollar təşkil edib.

 

0