Trampın əsas hədəfləri hansı ölkələr olacaq? - ADLAR AÇIQLANDI

DÜNYA
10:01 / 29.12.2024
326

"ABŞ kimi supergüc olan dövlətlərdə hakimiyyət dəyişiklikləri böyük ölçüdə xarici siyasətə təsir etmir. Lakin hər prezidentin özünün yanaşması fərqli olur".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, respublikaçılar və ya demokratların hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ-nin özünün dövlət maraqları var:

"Bu dövlət maraqları istiqamətində də konkret addımlar atılır. Lakin hər lider bu maraqları təmin etmək üçün fərqli yollara üz tuta bilər. Ona görə də Donald Trampın hakimiyyət illərində ABŞ-nin xarici siyasətində ciddi dəyişikliklər gözləməyə dəyməz. Sadəcə istiqamətlərin dəyişilməsi mümkündür. Məsələn, Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı hansısa addımlar ata bilər".

Ekspert hesab edir ki, ABŞ Trampın dönəmində də Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışacaq:

"Cənubi Qafqaz ABŞ üçün prioritet məsələlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu region həm də Orta Asiyadan keçən yoldur. Rəsmi Vaşinqtonun isə Orta Asiya ilə bağlı maraqları olduğu üçün Cənubi Qafqaz yenə də prioritet olaraq qalmağa davam edəcək kimi görünür. 

Lakin Co Bayden dövründəki kimi ABŞ-nin Ermənistana dəstək verəcəyini zənn etmirəm. Məncə, Donald Tramp regionun aparıcı dövləti olan Azərbaycanla dost olaraq ABŞ-nin Cənubi Qafqazdakı maraqlarını təmin etməyə cəhd edəcək".

365069

Ekspert qeyd edib ki, Trampın Çinə qarşı sərt siyasət yürüdəcəyi ehtimal olunur:

"Trampın birinci hakimiyyət dönəmində yarımçıq qalan işlərini yekunlaşdırmağa fokuslanacağını proqnozlaşdırmaq olar. Bu isə Trampın Çin və İran siyasəti ilə bağlı məsələdir. O, Çinin iqtisadi gücünü artıraraq ABŞ-nin maraqlarını təhdid etdiyini düşünür. 

Ona görə də Tramp hakimiyyətə gəldikdən sonra Çin iqtisadiyyatının zəiflədilməsi və onların məhsullarına əlavə vergi tətbiq edilməsi kimi müvafiq addımlar atacağı gözlənilir. Paralel olaraq da Tayvana verilən dəstəyin artacağı proqnozlaşdırılır".

Rəşad Bayramov onu da əlavə edib ki, Trampın İrana qarşı da siyasətini sərtləşdirməsi gözlənilir:

"Ümumiyyətlə, supergüc olan dövlətlərdə hakimiyyətin dəyişməsinin əks-sədası dünyanın müxtəlif yerlərində hiss olunur. Donald Trampın ikinci dəfə ABŞ-də hakimiyyətə gəlməsindən sonra İrana qarşı sərt siyasət yeridəcəyi barədə anonslar verilir. Yəni İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi istiqamətində hansısa addımlar atıla bilər". 

Pərviz

0