Rusiya 2024-cü ildə 4168 kvadrat km ərazi ələ keçirib, 427 min hərbçi itirib - ISW

DÜNYA
15:14 / 01.01.2025
154

2024-cü il ərzində Rusiya qüvvələri Ukraynanın 4168 kvadrat kilometr ərazisini ələ keçirib. Əsasən Ukraynanın kənd əraziləri və kiçik yaşayış məntəqələri, həmçinin Kursk vilayətində bəzi ərazilər işğal olunub. Bununla yanaşı, Rusiya 427 min hərbçisini itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərinin məlumatına görə, 2024-cü ildə Rusiya ordusunun əsas prioriteti Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək və Xarkovun şimalında bufer zona yaratmaq olub. Lakin bu məqsədlərə nail olunmayıb.

ISW analitikləri qeyd edir ki, Rusiya 2024-cü ilin sonuna qədər Donetsk və Luqansk vilayətlərini tam işğal etməyi planlaşdırsa da, ilin əvvəlindəki və ortalarındakı ləng irəliləyişlər planların dəyişdirilməsinə səbəb olub. İl sonuna qədər əsas hədəf olaraq Pokrovsk şəhərinin ələ keçirilməsi müəyyən edilib.

2024-cü il ərzində Rusiya ordusu Avdiyevka, Selidovo, Vuqledar və Kuraxovo kimi orta ölçülü dörd yaşayış məntəqəsini ələ keçirib. Ən böyük məntəqə olan Kuraxovonun müharibədən əvvəl 31 min nəfərdən çox əhalisi olub. Bununla belə, dekabr ayında işğalçıların irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb.

Analitiklər bildirirlər ki, Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək üçün Rusiya ordusuna 2024-cü ildəki irəliləyiş sürəti ilə təxminən iki ildən çox vaxt lazım olacaq. Bu isə yalnız irəliləyişlərin Donetsk vilayəti ilə məhdudlaşacağı və böyük şəhər ərazilərinin kiçik kəndlər qədər asanlıqla ələ keçiriləcəyi təqdirdə mümkündür.

Eyni zamanda, analitiklərin fikrincə, Ukrayna Silahlı Qüvvələri rusların prioritet sektorlarında irəliləməsini dayandırmaq üçün qərbin yardımı ilə müdafiə xətlərini sabitləşdirməlidir. Bu yardımlar 2025-ci ildə də vacib rol oynayacaq.
 

0