Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

DÜNYA
13:00 / 08.01.2025
89
Türkiyənin aparıcı xizək mərkəzlərindən biri olan Ərzurum, bu il qış həvəskarlarını iki möhtəşəm titul ilə qarşılayır: İqtisadi Əməkdaşlıq Təşkilatının "Turizm Paytaxtı” və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən verilən ilk "Avropa Qış İdmanları Paytaxtı”. Qış idmanlarının həyəcanını fasiləsiz yaşamağa imkan verən Palandöken Xizək Mərkəzi, bu mövsüm Qış Oyunları və Dünya Snoubord Kuboku kimi bir çox mötəbər tədbirlərə ev sahibliyi edəcək.
 
Təcrübəli idmançılar Palandökenin müasir idman obyektlərində müxtəlif adrenalin dolu yarışlara qatılarkən, macəra həvəskarları zərif qarla örtülmüş yamaclarda və heyranedici dağ mənzərələri fonunda maraqlı çıxışlarından zövq alacaqlar. Eyni zamanda, Ərzurum şəhəri rəngarəng konsertlər, cəlbedici sərgilər və dadlı qastronomiya festivalları ilə canlanacaq. Bu tədbirlər şəhərin zəngin mədəni irsini ziyarətçilərə çoxşaxəli şəkildə təqdim edəcək.
 
Start Xətti: Qış oyunları
 
Palandökenin tədbir təqvimindəki ilk beynəlxalq tədbir Qış Oyunları olacaq. 6-12 yanvar tarixlərində keçiriləcək bu oyunlar təxminən 350 idmançının iştirak edəcəyi xizək və snoubord kimi 11 idman növündə yarışlarla qış idmanlarının həyəcanını Palandökənə gətirəcək. İştirakçılar arasında EKO üzv ölkələri də yer alacaq. Qış Oyunları Palandökəndə keçiriləcək ilk EKO tədbiridir. Yarışlar canlı izləmək istəyən hər kəs üçün açıq olacaq.
 
Dünya Snoubord Kuboku həyəcanı
 
Bu il Palandöken Xizək Mərkəzində keçiriləcək digər diqqətçəkən tədbir Dünya Snoubord Kuboku (SBX) olacaq. FIS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) tərəfindən ilk dəfə 2018-ci ildə Türkiyədə təşkil edilən bu tədbir, 1-3 mart tarixlərində yenidən Palandökənə qayıdır. Sürət hədlərini aşan idmançıların iştirakı ilə dolu üç unudulmaz gün macəra həvəskarlarını gözləyir. Tədbirə gəlmək imkanı olmayan adrenalin sevərlər üçün isə eksklüziv yarışlar həm milli, həm də beynəlxalq kanallarda yayımlanacaq.
 
Adrenalin dolu tədbirlər
 
Palandökəndə keçiriləcək tədbirlər arasında Buz Dırmanışı Türkiyə Çempionatı, Qar Voleybolu Dünya Turu və Qar Enmə Yarışı da yer alır. Türk Dağçılıq Federasiyasının təşkil etdiyi Buz Dırmanışı Türkiyə Çempionatı 7-10 fevral tarixlərində Palandöken Xizək Mərkəzində baş tutacaq. Türkiyədəki ilk və yeganə süni buz parkı, xüsusilə buz dırmanışına maraq göstərən adrenalin həvəskarları arasında məşhurdur və məhz Palandökəndə yerləşir. Mərkəzin cənub yamacında inşa edilən 20-25 metr hündürlüyündəki buz divar, unikal quruluşu ilə iddialı buz dırmanışçılarına möhtəşəm bir sınaq təqdim edəcək. Qar Voleybolu Dünya Turu bu il 13-16 mart tarixlərində Palandöken Xizək Mərkəzində keçiriləcək. Qarla örtülmüş meydançalarda voleybolçular təsnifat oyunlarında mübarizə aparacaqlar. Bundan əlavə, Qar Enmə Yarışında peşəkarlar kütləvi dağ velosipedi yarışında Palandökəndə güclərini sınayacaqlar. Eyni anda qarla örtülmüş xizək yamaclarından enən velosipedçilər möhtəşəm bir mənzərə yaradacaq.
 
Ərzurum: Şərqi Türkiyədə tarix təbiətlə qovuşur
 
Palandökəndəki xizək macəranızdan sonra tətilinizi uzadaraq Anadolunun ən qədim şəhərlərindən biri olan Ərzurumu kəşf edə bilərsiniz. Təbiət və tarixin unikal birləşməsini təqdim edən bu gözəl şəhər, Tortum Şəlaləsi, Narman Peri Bacaları və İspirin Yeddi Gölü kimi müxtəlif təbii möcüzələrə ev sahibliyi edir. Şəhərin panoramik mənzərələrindən həzz almaq üçün Aziziye və Mecidiye bürclərini ziyarət edə bilərsiniz. Bundan başqa, İpək Yolu üzərində yerləşmiş Ərzurum, Ulu Məscid, Çift Minarəli Mədrəsə, Yakutiye Mədrəsəsi və Üç Kumbetlər kimi tarixi məkanlara ev sahibliyi edir. Bu təbii və tarixi zənginliklərdən sonra, unikal şəkildə marinadlanan və şişdə təqdim olunan cağ kababı və kadayıf dolması deserti kimi regional ləzzətlər sizi gözləyir. Palandöken Xizək Mərkəzindəki qış idman tədbirlərinə əlavə olaraq, bu il Ərzurumda Qastronomiya Festivalı, Serial Festivalı, Beynəlxalq Velosiped Turu, Yay Oyunları və Mədəniyyət Yolu Festivalları da keçiriləcək.
0