Moskva ilə Tehran arasında yeni saziş - "Özlərini sığortalamaq istəyirlər"

DÜNYA
11:14 / 09.01.2025
117

Rusiya ilə İran arasında yeni razılaşma olacaq. 

Belə ki, tərəflər hərtərəfli əməkdaşlıq sənədinə imza atacaqlar. Sözügedən saziş Moskva ilə Tehran arasında 17 yanvarda imzalanacaq. 

Maraqlıdır, indiki vəziyyətdə bu addımın atılmasına səbəb nədir? Rusiya və İranın məqsədi nədir?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Hit.az-a açıqlama verib. O bildirib ki, Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlıq sazişinin imzalanmasına səbəb hər iki ölkənin ortaq maraqlarından qaynaqlanır:

365648

"Bu gün həm İran, həm də Rusiya beynəlxalq birliyin təcridi ilə üz-üzə qalıb. Ona görə də Moskva ilə Tehran bir-birinə dəstək verərək digər güc mərkəzlərinə qarşı ortaq mövqedən çıxış edirlər. Rusiya daha əvvəl də Şimali Koreya ilə hərtərəfli əməkdaşlıq haqqında saziş imzalamışdı. İndi də eyni saziş İranla imzalanacaq".

Ekspert diqqətə çatdırıb ki, həmin sənəddə bir ölkəyə hücum zamanı digər ölkənin də dəstək verməsi kimi müddəaların da yer alacağı gözlənilir:

"Bu isə o deməkdir ki, Rusiya Qərbdən gələcək təhdidlərdən sığortalamaq istəyir. İran isə indiki dönəmdə İsrail və ABŞ-nin hücum ehtimallarına qarşı özünü sığortalamaq üçün bu addımı atır. Yəni belə saziş mövcud vəziyyətdə Rusiyanın da, İranın da maraqlarına xidmət edir. Ona görə uzun müddətdir apardıqları danışıqlara yekun vuraraq sazişi imzalamağa qərar veriblər".

Pərviz

0