Aİ neytral İsveçrəni “hərbi mobillik”də iştirak etməyə dəvət edəcək

DÜNYA
13:35 / 14.01.2025
73

Avropa İttifaqı neytral İsveçrəni öz ərazisində hərbi hissələrin və müvafiq silahların sürətlə yenidən yerləşdirilməsi imkanlarını nəzərdə tutan “hərbi mobillik” layihəsində iştiraka dəvət etmək qərarına gəlib.

Hit.az xəbər verir ki, bu barədə məlumat Avropa Şurasının saytında dərc olunub.

“Aİ Şurası bu gün İsveçrənin PESCO (Daimi Strukturlaşdırılmış Əməkdaşlıq – red.) “Hərbi Mobillik” layihəsində iştirakının CFSP-də (Aİ Ümumi Xarici və Təhlükəsizlik Siyasəti) nəzərdə tutulan ümumi şərtlərə uyğun olduğunu təsdiq edən qərar qəbul edib. Bu layihəyə əhəmiyyətli əlavə dəyər gətirəcək”, - sənəddə deyilir.

Aİ Şurasının bu qərarı layihəni koordinasiya edən Niderland İsveçrənin 2024-cü ilin sentyabrında bu cür iştirakla bağlı müraciətinə cavab olaraq, İsveçrəni PESCO çərçivəsində bu layihəyə qoşulmağa rəsmi dəvət etmək səlahiyyətini verir. Bundan sonra İsveçrə Aİ ilə müvafiq inzibati sazişi qəbul edən kimi “hərbi mobillik” layihəsinin iştirakçısına çevriləcək.

PESCO çərçivəsində sözügedən layihə hərbi nəqliyyat üçün milli sərhəd keçid prosedurlarını sadələşdirir və standartlaşdırır. Bu, hərbi personalın və texnikanın Aİ ərazisində, o cümlədən avtomobil, dəmir yolu, dəniz və ya hava yolu ilə sürətli hərəkətinə imkan verir.

Kanada, Norveç və Amerika Birləşmiş Ştatları 2021-ci ildə layihədə iştirak etmək üçün dəvət olunub, Böyük Britaniya da 2022-ci ildə belə bir dəvət alıb.

Daha əvvəl məlumat verildiyi kimi, Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) Aİ-nin 26 iştirakçı dövləti arasında müdafiə sahəsində əməkdaşlığın hüquqi əsasını təşkil edən Aİ-nin ümumi müdafiə siyasətinin sütunlarından biridir. Bu alət müdafiə qabiliyyətini inkişaf etdirməyə, birgə investisiyaları əlaqələndirməyə, iştirakçı ölkələrin milli silahlı qüvvələrinin bölmələrinin əməliyyat hazırlığını, dayanıqlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa imkan verir. PESCO çərçivəsində bəzi layihələr Aİ Şurasının qərarı ilə və müəyyən şərtlərə riayət olunmaqla üçüncü ölkələrin iştirakı üçün açıqdır.

Samir

0