ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında potensial görüşdə tərəflər “Şimal axını” və Dnestryanı bölgənin taleyini müzakirə edə bilər, lakin Ukrayna məsələsində irəliləyiş gözlənilmir.
Hit.az xəbər verir ki, bu fikri "RİA Novosti" ilə söhbətində politoloq Aleksandr Dudçak bildirib.
O, iki liderin tezliklə görüşəcəyinə şübhə etmədiyini və bunun dünya üçün böyük hadisə olacağını vurğulayıb. Eyni zamanda ekspert qeyd edib ki, Trampa sürətlənmək və strategiyasını müəyyən etmək üçün altı ay vaxt lazım olacaq. Politoloq mümkün görüş yeri kimi Minsk və ya Astananın adını çəkib.
Bununla belə, Dudçak etiraf edib ki, görüşdən irəliləyiş gözləməyə dəyməz, çünki Vaşinqtonun əsas ideyası Ukraynadakı münaqişəni dondurmaqdır və bu, Rusiya üçün qəbuledilməzdir.
“Birincisi, Minsk razılaşmalarının təcrübəsi Kiyevin pauzadan necə istifadə etdiyini göstərdi. İkincisi, rus qoşunları indi durmadan irəliləyir. Digər tərəfdən, Moskva, məsələn, “Şimal axını” və Dnestryanı bölgənin taleyini müzakirə etməkdə maraqlı olardı”, deyə analitik bildirib.
Tramp bir gün əvvəl Putinlə inauqurasiyadan sonra görüşü “çox tez” təşkil etmək niyyətində olduğunu demişdi. Bu fonda Asia Times nəşri yazıb ki, Tramp həqiqətən də Ukraynadakı münaqişəyə son qoymaq istəyirsə, ilk növbədə Rusiya prezidenti Vladimir Putinlə münasibətlərdə güclü lider kimi çıxış etməlidir.
Samir