"ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın diqqət ayıracağı məsələlərdən biri də Suriya ilə bağlı olacaq".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Suriyada Bəşər Əsədin devrilməsindən sonra hakimiyyət dəyişikliyi yaşansa da, faktiki olaraq həllini gözləyən məsələlər var:
"Məsələn, Suriyanın şimal-şərqində yerləşən Deyr əz-Zor vilayətində PKK-nın bir qolu olan PYD/YPG terrorçuları fəaliyyət göstərir. Onların digər adı da rojava kürdləridir. Orada xüsusilə ABŞ-nin YPG-ni dəstəklədiyini vurğulamaq lazımdır".
Ekspert qeyd edib ki, hətta rəsmi Vaşinqton YPG-nin dövlət qurması üçün çalışır:
"Təbii ki, belə olan təqdirdə, Türkiyə Suriya qüvvələri ilə birlikdə həmin ərazilərdə antiterror əməliyyatları keçirmək istəyir. Lakin ABŞ-nin YPG-ni tək qoyacağını düşünmürəm. Çünki illərdir dəstəkləyirlər. Bu qədər xərcin boş yerə getməsini istəməyəcəklər".
Politoloq xatırladıb ki, Donald Tramp birinci hakimiyyət dönəmində ABŞ-nin Suriyadakı qüvvələrini çıxarmışdı:
"İndi isə Suriyadakı hərbi kontingentin sayını 2 dəfə artıracağını deyir. Bu da Trampın YPG məsələsində geri addım atmayacağını göstərir. Ancaq buna baxmayaraq, Trampın Türkiyə ilə gərginliyə girmək istəmədiyi də aydındır".
Turan Rzayev hesab edir ki, Vaşinqton ilə Ankara Suriya məsələsində ortaq məxrəcə gələ bilərlər:
"Həmin kürdlərə muxtariyyət verilməsi və ya qeyri-müəyyən statusda qalması məsələsinin gündəmə gəlmə ehtimalı var. Bunun qarşılığında isə Donald Tramp həmin bölgədən Türkiyəyə qarşı hansısa hücumun olmayacağına təminat verə bilər".
Pərviz