Şimali Karolina Dövlət Universiteti və Kolumbiya Universiteti İctimai Sağlamlıq Məktəbinin alimləri belə qənaətə gəliblər ki, Çernobıl şəhərində və Çernobıl Atom Elektrik Stansiyasında itlərin populyasiyaları arasında genetik fərqlər radiasiyanın yaratdığı mutasiyalardan qaynaqlanmır.
HİT.az xəbər verir ki, tədqiqat "PLOS ONE" jurnalında dərc olunub.
Çernobıl bölgəsində bir-birindən cəmi 16 kilometr məsafədə yaşayan itlərin genetik olaraq fərqli olduğu ortaya çıxıb. Bununla belə, elm adamları hətta fərdi nukleotidlər səviyyəsində genetik mutasiyaların yığılmasına dair heç bir dəlil tapmayıblar.
Professor Metyu Bren deyib ki, radiasiyaya məruz qalma vəziyyətində mutasiyalar sağ qalmağı təmin edərsə, genomda qala bilər. Lakin belə izlərə rast gəlinməyib.
Mutasiyaların olmamasına baxmayaraq, tədqiqatçılar təbii seçmənin rolunu etiraf edirlər. Ola bilsin ki, 1986-cı ildə baş vermiş fəlakətdən sağ çıxan itlərin ilk nəsillərində yaşamaq şanslarını artıran genetik xüsusiyyətlər olub.
Tədqiqat həmçinin ağır metallar, qurğuşun tozu və qəzadan qalan pestisidlər kimi radiasiyadan başqa amillərin də təsirini aşkar edib. Bu maddələr heyvanların və təcrid zonasında yaşayan insanların sağlamlığına uzunmüddətli təsir göstərə bilərdi. Bundan əlavə, komanda itlərdən toplanan gənələri tədqiq edib və onların yayılmasında və daşıdıqları patogenlərdə fərqlər tapıb.
Kolumbiya Universitetinin professoru Norman Kleyman deyib: "Belə populyasiyaların tədqiqi ekoloji fəlakətlərin sağlamlıq üçün potensial riskləri haqqında təsəvvür yaradır".
Alimlər gələcək ekoloji problemlərə daha yaxşı hazırlaşmaq üçün böyük texnogen fəlakətlərin canlı orqanizmlərin sağlamlığına təsirinin daha da öyrənilməsinin zəruriliyini vurğulayırlar.
Samir