"ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmədən sonra ilk olaraq daxili siyasətə fokuslanacağı gözlənilir".
Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Tramp sərhəd təhlükəsizliyi, deportasiya və enerji siyasəti kimi daxili məsələlərə diqqət yetirəcək:
"Onun hakimiyyətinin ilk həftələrində ABŞ daxilində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Bu isə Trampın xaricə səfərini bir qədər gecikdirə bilər. Düzdür, Tramp prezidentlik vəzifəsinin icrasına başladıqdan sonra Çinə səfər etmək istəyini ifadə edib.
Hesab edirəm ki, onun məqsədi Çin lideri Si Cinpinlə münasibətləri dərinləşdirməkdir. ABŞ-Çin münasibətlərindəki gərginliklərə baxmayaraq, Tramp daha sərt tariflər tətbiq etmək təhdidini saxlayıb. İdxal olunan Çin mallarına 60 faizlik tariflərin tətbiqi ilə bağlı da vəd verib".
Politoloq qeyd edib ki, Tramp administrasiyası dövründə ABŞ-Çin əlaqələrinin gərginliyinin davam edəcəyi ehtimal olunur:
"Tariflər və ticarət məsələləri iki ölkə arasında əsas münaqişə nöqtələri kimi qalır. Trampın Çinə səfər etmək istəyi və şəxsi diplomatiya yanaşması onun "liderlər arasındakı əlaqələr vasitəsilə problemləri həll etmə" strategiyasını nümayiş etdirir.
Bundan başqa, Tayvan məsələsi də ABŞ-Çin münasibətlərində həssas mövqedədir. Trampın bu mövzuda necə hərəkət edəcəyi, xüsusilə də Tayvanın müdafiə xərclərini artırmağa məcbur etməsi ilə bağlı çıxışları rəsmi Pekin tərəfindən narahatlıqla qarşılanır. Si Cinpinin Trampa Tayvan məsələsini "ehtiyatla" idarə etməklə bağlı xəbərdarlığı Çinin bu məsələdə ciddi olduğunu göstərir".
Rüstəm Tağızadə hesab edir ki, hazırda "Tiktok" kimi texnoloji məsələlərin də müzakirə edilməsi, ABŞ-nin Çin texnologiyasına qarşı skeptik yanaşmasını əks etdirir:
"Ümumilikdə isə Trampın hakimiyyətinin ilk 100 günündə Çinə səfər etmək istəyini ifadə etməsi onun beynəlxalq arenada sürətli və cəsarətli diplomatik addımlar atmaq niyyətində olduğunu göstərir. Eyni zamanda, Hindistana mümkün səfərin müzakirə edilməsi də Trampın ABŞ-nin Asiya-Sakit Okean regionundakı maraqlarını genişləndirmək niyyətində olduğunu ortaya qoyur.
Tramp administrasiyasının ilk günlərində ABŞ-Çin münasibətləri və beynəlxalq siyasətdə prioritetləri haqqında ilkin fikir verir. Trampın sərt ritorikası ilə şəxsi diplomatiya yanaşması arasındakı tarazlıq onun xarici siyasət strategiyasının əsas elementi kimi çıxış edir. ABŞ-Çin münasibətlərinin bu dövrdə gərgin və dialoqa açıq olacağı gözlənilir. Bütün bunların fonunda Donald Trampın ilk səfərini Çinə və ya Hindistana edə biləcəyini proqnozlaşdırmaq olar".
Pərviz