"Panama kanalı ABŞ-ın nə güzəşti, nə də hədiyyəsi olub".
Hit.az xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino Davosda Dünya İqtisadi Forumunda (WEF) deyib.
O, ABŞ-ın yeni prezidenti Donald Trampın açıqlamalarını yalan adlandırıb və kanalın Panama hakimiyyətinin nəzarətində qalacağına əmin edib.
“Biz Donald Trampın bütün bəyanatlarını tamamilə rədd edirik”, deyə Xose Raul Mulino bildirib.
"Birincisi, yalan olduğu üçün, ikincisi, ona görə ki, Panama kanalı Panamadır və bundan sonra da Panamaya məxsus olacaq", deyə Panama lideri əlavə edib.
Çərşənbə günü səhər saatlarında "Reuters" agentliyi Panamanın BMT-dəki daimi nümayəndəliyinin ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışında "Panama kanalını ələ keçirmək" niyyəti ilə bağlı bəyanatından təşkilatın baş katibi Antonio Quterreşə şikayət göndərdiyini bildirib.
Yanvarın 20-də çıxışında Donald Tramp deyib ki, Amerika gəmilərinə həddən artıq yük qoyulur və onlara ədalətli münasibət göstərilmir:
"Və bundan əlavə, Çin Panama kanalına nəzarət edir və biz onu Çinə vermədik, biz Panama verdik".
Tramp ABŞ-ın işinin kanalı geri almaq olduğunu qeyd edib.
Sakit okeanı Karib dənizi və Atlantik okeanı ilə birləşdirən Panama kanalı 1914-cü ildə ABŞ tərəfindən tikilib. 1999-cu ildə Panama gəmiçilik kanalına nəzarəti ələ alıb və Birləşmiş Ştatlar kanalın neytrallığına qarşı istənilən təhlükədən müdafiə etmək hüququnu özündə saxlayıb.
Panama kanalı ildə 14 000-ə qədər gəmi daşımaq qabiliyyətinə malikdir və bütün qlobal dəniz nəqliyyatının 3%-ə qədərini təşkil edir. Bu, Panama Kanalı İdarəsinə təxminən 5 milyard dollar gəlir gətirir.
Honq-Konqda yerləşən "CK Hutchison Holdings"in törəmə şirkəti Karib dənizi və Sakit okean hövzələrində kanalın girişlərində yerləşən iki limanı idarə edir.
Samir