Avropa Komissiyasının (AK) birinci vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, Vaşinqton Avropa İttifaqına tariflər tətbiq edərsə, Avropa İttifaqı ABŞ-ın yeni administrasiyası ilə münasibətlərdə öz maraqlarını qoruyacaq və proporsional şəkildə cavab verəcək.
Hit.az xəbər verir ki, Valdis Dombrovskis Davosda keçirilən Dünya İqtisadi Forumunun (WEF) kənarında CNBC-nin sualına cavabında deyib:
"Biz bundan sonra nə edəcəyimizi anlamaq üçün ABŞ-ın yeni administrasiyası ilə əlaqə saxlayırıq".
Eyni zamanda, o, əmin edib ki, Avropa İttifaqı iqtisadi maraqlarını qorumaq zərurəti yaranarsa, proporsional şəkildə cavab verəcək.
Dombrovskis qeyd edib ki, Aİ Vaşinqtonla əməkdaşlığın strateji əhəmiyyətini tanıyır, lakin belə bir ehtiyac yaranarsa, öz dəyərlərini, maraqlarını və hüquqlarını müdafiə edəcək. Avropa komissarı Donald Trampın ilk prezidentlik dövründə polad və alüminiuma rüsumlar tətbiq etmək qərarına cavab olaraq Aİ-nin gördüyü tədbirləri xatırladıb. Avropa Komissiyası həmin vaxt Harley Davidson motosikletləri, Levi Strauss cins şalvarları və burbon da daxil olmaqla Amerika ixracatına 25% rüsum tətbiq edib.
ABŞ-ın 47-ci prezidenti kimi vəzifəyə başlamağa hazırlaşarkən Donald Tramp Avropa İttifaqı ilə ticarət kəsirindən şikayətlənərək, Avropa mallarına rüsumların tətbiqini təklif edib. O, andiçmə mərasimindən dərhal sonra deyib ki, Aİ tarif siyasətində dəyişiklikdən qaçmaq istəyirsə, ABŞ-dan daha çox neft və qaz almalıdır:
"Ya biz buna rüsumların köməyi ilə nail olacağıq, ya da onlar bizim neft və qazımızı almalıdırlar".
Samir