"ABŞ-nin yeni Prezidenti Donald Trampın Yaxın Şərqə sülh gətirməsi inandırıcı görünmür".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bundan sonra Yaxın Şərqdə daha ciddi problemlərin yaranma ehtimalı yüksəkdir:
"İsrail "Hizbullah" və HƏMAS-a qarşı ciddi uğur əldə etdi, Suriyada isə Əsəd rejimi devrildi. Faktiki olaraq, İranın qarşısındakı bütün proksi qüvvələr aradan qalxdı.
Böyük ehtimalla, İsrail bu il ərzində İranla münasibətlərini daha da gərginləşdirəcək. Hətta İsrail İranın ona birbaşa zərbə vurması üçün əlindən gələni edəcək. Bu zərbə fonunda isə İrana qarşı beynəlxalq koalisiya formalaşdırmağa çalışacaq".
Ekspert qeyd edib ki, regionda kürd problemi də var:
"Yəni Suriyanın şimal-şərqindəki vəziyyət hələ də qeyri-müəyyəndir. Suriyada Türkiyənin dəstəklədiyi qüvvələr hakimiyyəti ələ keçirsə də, ölkənin şimal-şərqindəki rojava kürdlərini nəzarətə götürə bilməyiblər.
Hansı ki, onlar da PYD və YPG terror qruplaşmalarının əsasını təşkil edən qüvvələrdir. ABŞ də illərdir onlara yatırım edir. Hazırda Ankara ilə Vaşinqton arasındakı əsas problemlərdən biri də məhz budur".
Politoloq qeyd edib ki, kürd məsələsi, İsrailin regional maraqları və İranla gərginliyi fonunda Yaxın Şərqin gələcəyi yaxşı nə isə vəd etmir:
"Lakin ABŞ ərəb ölkələrini barışdırmağa çalışacaq. Buna nail olma ehtimalları yüksəkdir. Regionda NATO-ya bənzər bir təşkilat yaratmaq istəyirlər. Tramp administrasiyası regionlardakı maraqlarını belə təşkilatlar üzərindən təmin etməyə çalışır.
Həmçinin, rəsmi Vaşinqtonun regionlarda bir neçə güclü ölkə yaradıb onlar üzərindən siyasətini həyata keçirmək məqsədi də var. Lakin Yaxın Şərqdə hansısa güc yaratmaq çətindir. Çünki orada Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi ölkələr var. Yəni regionun gələcəyi baxımından müsbət nə isə demək çətindir".
Pərviz