İran nüvə silahından imtina edir? - OLAY AÇIQLAMA

DÜNYA
10:02 / 24.01.2025
414

"Əgər nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırardıq. Nüvə silahı yaratmağa cəhd göstərmirik".

Bu sözləri İran Prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif deyib.

Maraqlıdır, İran Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra nüvə silahı məsələsində geri addım atmağa məcbur qaldı? Rəsmi Tehran yeni sanksiyalardan yayınmaq üçün belə bəyanatlar verir?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Hit.az-a açıqlama verib. O bildirib ki, əslində İranın nüvə proqramı 1950-ci illərdə sülh üçün atom proqramının parçası olaraq ABŞ-nin köməyi ilə başlayıb:

"O zaman ABŞ və Qərb ölkələri İranın nüvə proqramına dəstəyi 1979-cu ildəki şah rejiminin devrilməsinə qədər davam etdi. İran rəsmilərinin hər zamankı düşüncəsinə əsasən, hücuma məruz qalmamaq üçün təhdid edən ölkə eyni cavabı alacağını mütləq bilməlidir. 

Yəni İran hər nə qədər uranın zənginləşdirilməsi və özünün nüvə potensialını dinc məqsədlərə görə nəzərdə tutduğunu desə də, ali dini liderinin nüvə silahının haram olduğunu bildirən fətvasını xatırlatsa da, həm özünə qarşı təhdidlərə cavab vermək, həm də özünün maraqlarını müdafiə etdiyi ayrı-ayrı bölgələrdə təsir imkanına malik olmaq üçün nüvə silahına malik olmaq istəyir".

Ekspert qeyd edib ki, Cavad Zərifin nə deməsindən asılı olmayaraq, fürsət düşsə, İran nüvə silahı yaratmağa çalışacaq:

"İran hazırda uranın zənginləşdirilməsində nüvə silahı əldə etmək üçün ilkin xammalı tamamilə təmin edəcək mərhələdədir. Lakin məsələ təkcə uranın zənginləşdirilməsi ilə bitmir. Bunun üçün müvafiq işlək qurğu hazırlamaq, nüvə yanacağının silaha çevrilməsi prosesinə yiyələnmək və uzaq hədəflərə zərbə endirmək üçün lazımi cihazları istehsal etməyə də ehtiyac var. 

Hələ ki, İran bütün bunlara hazır deyil. Sanksiyalar səbəbindən bu istiqamətdə fəaliyyət həyata keçirə bilmədikləri kifayət qədər yaxşı bilinir. Üstəlik, İrana bununla bağlı hansısa imkan veriləcəyini də zənn etmirəm". 

Rəşad Bayramov diqqətə çatdırıb ki, İran nüvə silahı əldə etməyə çalışsa, ona qarşı əməliyyat keçirilərək nüvə redaktorları məhv edilər:

"Necə ki, İsrail daha əvvəl bənzər addım atan İraq və Suriyaya qarşı bu həmləni edib. Hətta İsrailin İrana son hücumunda da əsasən nüvə sənayesi sahəsi hədəfə alındı. Bu isə onların nüvə silahı əldə etmək imkanlarını bir neçə il gecikdirdi. 

Rəsmi Tehran nüvə silahı əldə etməkdə maraqlıdır, amma bunu rəsmi şəkildə elan etməməsi yeni sanksiyalarla üzləşməkdən qaçmasından qaynaqlanır. Belə bəyanatlar İranı növbəti sanksiyalardan qorumağa çalışmaqdır". 

Pərviz

0