Rusiya Almaniya seçkilərinə təsir üçün süni intellekt saytlarından istifadə edir

DÜNYA
13:48 / 24.01.2025
53

Almaniyada qarşıdan gələn milli seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə yalan xəbərlər yayan Rusiya ilə əlaqəli saytlar aşkar edilib.

Hit.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bəzilərinin fəaliyyətini dayandırmış məşhur alman media brendlərinin adlarını daşıyan saytlar süni intellektdən istifadə etməklə yaradılmış məzmunla doldurulub.

“Bir-birinə bənzəyən və ucuz dizayn edilmiş bütün saytlarda NATO və Ukraynayönlü mövqelərə sadiq qalan alman siyasətçiləri, xüsusən də Ukraynaya güclü dəstəyi ilə tanınan Yaşıllar Partiyası haqqında yalan məlumatlar olan məqalələr dərc edilib", deyə "Reuters" yazıb.

Saytlar həmçinin, Almaniya üçün Alternativ (AfD) kimi daha çox millətçi və Rusiyaya dost mövqe tutan siyasətçilər və partiyalar üçün əlverişli məzmun yayıb.

Nəşr xatırladır ki, iyul ayında ABŞ hakimiyyət orqanları seçkidən əvvəl seçicilərə təsir etmək üçün istifadə edilən süni intellektə malik yüzlərlə saxta sosial media hesablarının iştirakı ilə Rusiyanın analoji dezinformasiya kampaniyasını üzə çıxarıb.

Dekabr ayında Almaniya parlamenti buraxılıb və seçki vaxtı təyin olunub. Bundestaqın tərkibinə erkən səsvermə fevralın 23-nə təyin edilib.

Bundan əvvəl amerikalı milyarder İlon Mask Almaniyada keçirilən seçkilərlə bağlı Avropa Komissiyası tərəfindən məsuliyyətə cəlb edilmişdi. Brüssel Almaniyanın ifrat sağçılarını tərifləyərkən iş adamının Aİ prinsiplərini pozub-pozmadığını yoxlayacaq.

Samir

0