Türkiyənin Bolu vilayətindəki “Grand Kartal” hotelində baş verən yanğın zamanı həkim Emre Durdağ və kolleqası olan həyat yoldaşı Gülşen Durdağ 15 nəfərin həyatını xilas edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, faciədə öz həyatlarını riskə atan həkim cütlük bu addımları ilə nümunə olublar.
Belə ki, beyin və sinir cərrahı olan E.Durdağla ginekoloq xanımı iki uşağı ilə birlikdə yanan binanın 7-ci mərtəbədəki otaqlarından mələfələri bir-birinə bağlayaraq çıxmağı bacarıblar.
Daha əvvəl alpinizm üzrə təhsil alan Emre Durdağ təkcə öz ailəsini deyil, ümumilikdə 15 nəfəri xilas edib. Xilas edilənlər arasında 5 yaşlı uşaq da olub. Həyat yoldaşı Gülşen Durdağı yerə endirmək istəyərkən mələfə qopub. Nəticədə Gülşen Durdağ 4 metr hündürlükdən yıxılaraq topuğunu sındırıb.
Mələfə qalmadığı üçün otaqdan çıxa bilməyən Emre hotel otağının pəncərəsini açaraq zəhərlənmədən xilas olmağa çalışıb. Köməyə gələn yanğınsöndürənlərin yardımı ilə son anda xilas edilən həkim böyük fəlakətdən sağ çıxa bilib.
Həkim cütlüyünün qəhrəmanlığı sağ qalanlar tərəfindən də böyük minnətdarlıqla qarşılanıb.