Konqo Demokratik Respublikası (KDR) və Ruanda qüvvələrinin qoşunları Konqo şərqindəki ortaq sərhədləri keçərək bir-birlərinə atəş açır.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) iki mənbəsinə istinadən yazır.
Bu gün, yanvarın 27-də "Associated Press" xəbər verib ki, səhər tezdən şəhərin hər yerində atışma səsləri eşidilib. AFP diplomatik mənbəyə istinadən xəbər verir ki, mühasirədə olan Qoma şəhəri yaxınlığında Ruanda ilə Konqo arasında sərhəd bağlanıb. AFP-nin məlumatına görə, bu, milislər və Ruanda qoşunlarının Qomaya daxil olmasından bir neçə saat sonra baş verib.
Bazar ertəsi gecəsi M23 üsyançı hərəkatının bir hissəsi olan Konqo Çay Alyansının lideri Konqonun şərqindəki ən böyük şəhər olan Qomanın tutulduğunu elan edib. Üsyançılar bundan əvvəl Konqo hərbçilərini silahlarını yerə qoymağa çağırmışdılar. DRC hökuməti üsyançıların şəhərə doğru irəliləməsini “müharibə elanı” kimi qiymətləndirib.
Konqolu 23 Mart Hərəkatı (M23) üsyançı qruplaşması ilə Konqo hökuməti arasında münaqişə son həftələrdə şiddətlənib. Ötən həftə üsyançılar Qomanın əsas təchizat yollarından birinin üzərində yerləşən əsas şəhər olan Minovaya nəzarəti ələ keçiriblər. İki gün sonra onlar Konqo ordusunun əsas müdafiə mövqeyi olan Sakeni tutublar.
Konqo iddia edir ki, M23 qruplaşması Ruanda hakimiyyəti tərəfindən dəstəklənir. Üsyançıların Qomanın tutulması barədə açıqlaması ərəfəsində Britaniya mediası anonim mənbələrə istinadən xəbər verir ki, Ruanda silahlı qüvvələri Qomadan bir neçə yüz metr aralıda, DRC ilə sərhəddə qoşun cəmləşdirib. Ruanda üsyançı qüvvələri dəstəklədiyini inkar edir.
Samir