"ABŞ ilə İran arasında mütəmadi olaraq danışıqlar aparılır" - ŞOK AÇIQLAMA

DÜNYA
10:54 / 31.01.2025
65

"Əslində ABŞ ilə İran arasında mütəmadi olaraq danışıqlar davam etdirilir".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sözügedən danışıqlar beynəlxalq ictimaiyyətə qapalı şəraitdə keçirilir:

"Ona görə də bununla bağlı geniş məlumat verilmir. ABŞ və İran xüsusi xidmət orqanlarının nümayəndələri, prezident administrasiyası və Xarici İşlər Nazirliklərini təmsil edən bəzi şəxslər tərəfindən bu cür təmaslar mütəmadi şəkildə olur". 

366927

Ekspert bununla bağlı nümunələr də verib:

"Məsələn, İran kimi bir ölkənin İsrailə hava hücumundan sonra ABŞ onlara bu haqda əvvəlcədən məlumat verildiyini açıqlayır. Həmçinin, İsrailin də İrana hava hücumu zamanı Vaşinqton tərəfindən müvafiq məlumatın Tehrana çatdırıldığı bəyan olunur. Bunlar isə tərəflər arasında təmasların olduğunu göstərir". 

Politoloq xatırladıb ki, Donald Tramp birinci hakimiyyət dönəmində İran və Çinlə bağlı konkret addımlar atırdı:

"Yəni ABŞ tərəfindən sərt sanksiya siyasəti həyata keçirilirdi. Eyni zamanda, Vaşinqton tərəfindən Çinin ətrafındakı bəzi ölkələrə hərbi bazalar yerləşdirilir və silah-sursat təminatı həyata keçirilərək Pekinə təzyiq göstərilirdi".

Rəşad Bayramov hesab edir ki, Trampın ikinci hakimiyyəti dövründə isə ABŞ İranla bu və ya digər formada yenidən təmaslar quraraq görüşlər keçirəcək:

"Bu görüşlər İranı dinləməkdən, onların narahatçılığını başa düşməkdən daha çox Tehranın qarşısına konkret tələblərin qoyulması ilə həyata keçəcək. Trampın uzunmüddətli danışıqların tərəfdarı olmadığı bilinir. O təzyiq yolu ilə tez zamanda nəticə əldə etmək istəyən siyasətçilərdəndir. 

Təmas olacaqsa, İrana qarşı konkret şərtlər qoyulacaq və bununla bağlı addımlar atmaq tələb olunacaq. Əks təqdirdə, maksimal təzyiq siyasəti olaraq İrana qarşı yeni sanksiyaların tətbiq olunması mümkündür. 

Hətta buna qoşulmayan ölkələrə də sanksiya tətbiq olunması gündəmə gələ bilər. Bu isə İranın olduqca bərbad vəziyyətdə olan iqtisadi vəziyyətini daha da çətinləşdirə və maliyyə böhran yarada bilər. Lakin düşünürəm ki, istənilən halda ABŞ ilə İran arasında danışıqlar başlayacaq".

Pərviz

0