Arxeoloqlar İspaniyanın Montelirio qədim qəbiristanlığında tarixdə ən böyük muncuqlu zərgərlik məzarını aşkar ediblər. Təxminən 5 min il yaşı olan qəbirlərdən birində tədqiqatçılar paltar tikmək üçün istifadə edildiyi ehtimal olunan 270 mindən çox muncuq tapıblar.
HİT.az xəbər verir ki, araşdırma "Science Advances" jurnalında dərc olunub.
Montelirio eramızdan əvvəl 2875-2635-ci illər arasında dəfnlər üçün istifadə edilən arxeoloji kompleksdir. Bu kompleksin qəbirlərindən birində 15-i qadın olmaqla 20 nəfərin qalıqları tapılıb. Hər biri dəniz qabığından oyulmuş və iplər üçün çuxur olan muncuqlar ölülərin qalıqlarını örtürür. Tədqiqatçılar hesab edirlər ki, onlar dəfn edilmiş qadınların yüksək statusunu vurğulayan dəbdəbəli geyimlər yaratmaq üçün istifadə olunub.
Bu qədər muncuq istehsalı böyük vaxt sərmayəsi tələb edir. Alimlər tərəfindən aparılan təcrübələr göstərib ki, bir muncuqun işlənməsi təxminən 10 dəqiqə çəkir. Bu o deməkdir ki, tapılan bütün zərgərlik məmulatlarını hazırlamaq üçün gündə 8 saat 206 gün işləyən 10 usta lazım olub.
Diqqətlə hazırlanmış muncuqların bu qədər miqdarı dəfn olunanların cəmiyyətdəki yüksək mövqeyindən xəbər verir. Tədqiqatçılar bu qadınların xüsusi statusa malik ola biləcəyini və keşiş və ya hökmdar ola biləcəyini irəli sürürlər.
Alimlərin fikrincə, onların işi Pireney yarımadasının qədim cəmiyyətlərinin mürəkkəb sosial quruluşuna işıq salır və o dövrlərdə qadınların mühüm rolunu işıqlandırır.
Samir