Tramp İrana qarşı hərbi əməliyyat əmri verəcək? - RƏY

DÜNYA
09:53 / 06.02.2025
57

"ABŞ Prezidenti Donald Trampın İrana qarşı hansısa hərbi əməliyyat başladacağını düşünmürəm".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Trampın ən böyük vədi hakimiyyət illərində hansısa müharibənin olmayacağı idi:

"O, hətta Rusiya-Ukrayna müharibəsini bitirməyə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Onu da nəzərə almaq lazımdır ki, Donald Tramp inaqurasiya mərasiminə qədər İsrail və HƏMAS-ı atəşkəsə məcbur etdi".

367219

Lakin ekspert qeyd edib ki, Tramp İrana qarşı təzyiq siyasətini davam etdirəcək:

"Artıq bunun ilkin elementləri də görünür. Trampın İrana daha ağır sanksiyalar tətbiq edəcəyi proqnozlaşdırılır. O, İranın nüvə silahından imtina edərək danışıqlara başlaması üçün addımlar atacaq. Tramp hətta İrana sanksiyalardan yayınmağa kömək edən üçüncü tərəflərə də həm xəbərdarlıq edib, həm də onlar üçün də şərtləri ağırlaşdıracaq. Əgər Tramp İrana qarşı hərbi əməliyyatlar başlatmaq istəsə idi onda sanksiyaları sərtləşdirməz və üçünü tərəflərə xəbərdarlıq etməzdi. Görünür, hələlik İrana qarşı bu addımı atmaq istəmir".

Turab Rzayev onu da diqqətə çatdırıb ki, ABŞ heç bir halda İrana nüvə silahı əldə etməyə imkan vermək niyyətində deyil: 

"Tramp administrasiyası düşünür ki, sanksiya siyasəti ilə İranı ram edə biləcəklər. Çünki İranın nüvə silahına sahib olmasının qarşısı alınmasa, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələr də nüvə silahı əldə etmək istəyəcəklər. Ona görə də ABŞ İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağa çalışır". 

Pərviz

0