Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən sahibkar İlon Mask öz hərəkətləri ilə ABŞ prezidenti Donald Trampın yaxın çevrəsində fikir ayrılığına səbəb olur.
HİT.az xəbər verir ki, bu barədə Amerika liderinin adı açıqlanmayan həmkarlarına istinadən "Wired" jurnalı məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Trampın rəsmi olaraq vəzifəyə başlamasından cəmi iki həftə yarım keçib. Eyni zamanda Ağ Evdə artıq problemlər yaranıb.
"ABŞ hökumətini Maskın departamentinin nəzarətə götürməsi fonunda prezidentin yaxın çevrəsində çatlar başlayıb", deyə məqalədə qeyd edilir.
Nəşrin mənbələrindən biri vurğulayır ki, biznesmenin fəaliyyəti ilk növbədə özünü deyil, Trampın tərəfdaşlarını qıcıqlandırır.
Başqa bir mənbəyə görə, DOGE müdiri son dərəcə özünə inamlı davranır. Bu səbəbdən gələcəkdə ABŞ prezidentinə yaxın insanlar arasında toqquşma baş verə bilər.
Fevralın 5-də "NBC News" xəbər verib ki, ABŞ administrasiyasının rəsmiləri Maskın səlahiyyətində məhdudiyyətlər olduğunu dəfələrlə xatırlatmalı olublar. Xüsusilə, iş adamına Ağ Ev Aparatının rəhbəri Syuzan Uilsə hesabat vermə zərurəti barədə xəbərdarlıq edilib.
Samir