Arxeoloqlar onilliklərdir ki, bu barədə xəbərdarlıq edirdilər və indi proqnozlar özünü doğruldub: Özbəkistan və Qazaxıstan sərhədində yerləşən Aral dənizi praktiki olaraq yox olub. Nəticədə bölgə üç milyon insanı əhatə edən böyük ekoloji fəlakətlə üzləşib.
Hit.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi (AA) portalı məlumat yayıb.
1960-cı illərə qədər dənizin sahəsi 68 min kvadrat kilometrə çatırdı, lakin 2015-ci ilə qədər onun böyük hissəsi cansız Aralqum səhrasına çevrilib. Son məlumatlara görə, cəmi 8 min kvadrat kilometr su qalıb.
Dənizin yoxa çıxması bölgədə atmosfer tozunun miqdarının iki dəfə artmasına, hər il 27 milyon tona qədər zəhərli toz və duzların havaya qalxmasına səbəb olur. Bu hissəciklər külək tərəfindən yüzlərlə kilometrə daşınaraq havanın keyfiyyətini pisləşdirir və buzlaqların sürətlə əriməsinə səbəb olur. Zəhərlənmiş duzları daşıyan tufanlar məhsuları məhv edir, içməli suyu çirkləndirir.
Fəlakətin səbəbi SSRİ-də pambıq sahələrinin suvarılması üçün Amudərya və Sırdərya çaylarının genişmiqyaslı istiqamətləndirilməsi olub. 7 milyon hektar ərazini əhatə edən suvarma sistemi onun sürətlə qurumasına, bir neçə kiçik sahəyə bölünməsinə və ekosistemin məhvinə səbəb olub. Su okeandan daha duzlu olub və bu, əksər yerli növlərin yox olması ilə nəticələnib. Quru dəniz dibində tərk edilmiş paslanan balıqçı qayıqları yoxa çıxmış sənayenin simvoluna çevrilib.
Aralqum tozu xüsusilə təhlükəlidir: onun tərkibində sovet silahlarının sınaqlarından qalan kimyəvi maddələr, həmçinin gübrələr və pestisidlər var. Bu da yerli sakinlər arasında anadangəlmə patologiyaların və xəstəliklərin sayının artmasına səbəb olub. Zəhərli tozun yayılmasının qarşısını almaq üçün səlahiyyətlilər keçmiş dənizin dibini yaşıllaşdırmağa çalışırlar.
Aral dənizinin hekayəsi dünya üçün xəbərdarlıqdır: sənaye əkinçiliyi və iqlim dəyişikliyi təbii su hövzələrini tükəndirən Afrika, Yaxın Şərq, Avropa, Avstraliya və ABŞ-da oxşar proseslər baş verir.
Samir