"ABŞ orezidenti Donald Trampın torpaq iddiaları o deməkdir ki, ABŞ artıq sabitliyin qalası deyil, qorunmalı bir risk bölgəsidir".
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Münhen Təhlükəsizlik Konfransı təşkilatçılarının sammitdən əvvəl hazırladığı hesabata istinadən yazır.
İnauqurasiyadan sonra Tramp Qrenlandiya və Panamada ərazi maraqlarını açıqladı və o, həmçinin Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyini təklif etdi.
Qəzet qeyd edir ki, Vaşinqtondan gələn siqnallar getdikcə daha çox göstərir ki, ABŞ artıq liberal beynəlxalq nizamın keşikçisi olmaq istəmir, lakin başqa hansı ölkələrin onu əvəz edə biləcəyi bəlli deyil.
Hesabatın mövzusu Soyuq müharibə başa çatdıqdan sonra ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünyadan heç bir ideoloji baxışın hakim olmadığı çoxqütblü dünyaya keçiddir. O, builki konfrans üçün fon rolunu oynayacaq.
Onun müəlliflərinin fikrincə, ABŞ-ın dünya lideri rolunu öz üzərinə götürməkdən imtina etməsinin uzunmüddətli nəticələri var. Onlar daha çox dövlətin təsir uğrunda rəqabət aparacağını, yəni gələcək nizamın daha nizamsız ola biləcəyini proqnozlaşdırırlar.
Hesabat müəllifləri hesab edirlər ki, Rusiya Ukraynanı təkcə hərbi təhlükə kimi neytrallaşdırmaqda maraqlı deyil, həm də onun rəhbərlik etdiyi Avrasiya nizamının yaradılmasına çalışır.
Fevralın 5-də "Bloomberg" agentliyi yazıb ki, ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli strategiyasını fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransı zamanı təqdim etmək niyyətindədir.
Samir