"Gürcüstan hakimiyyəti öz ölkələrinin maraqlarını rəhbər tutacaq, ona lazım olan siyasət yürüdəcək. Avropa İttifaqının korlanmış bürokratlarının göstərişlərinə əməl etməyəcək".
HİT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
Jurnalistlər Kaladzedən soruşublar ki, Estoniyanın xarici işlər naziri Marqus Tsakhknanın Gürcüstanın hakim partiyasının ölkədə “de-fakto heç bir legitimliyi olmayan hökumət” olduğuna dair sözlərinə Tiflisin cavabı necə olacaq.
"Gürcü Arzusunun cavabı ölkənin maraqlarını qorumaqdır. Biz Gürcüstanı, vətənimizi, siyasi baxışlarından asılı olmayaraq bu ölkənin maraqlarını, onun hər bir sakinini qoruyacağıq”, deyə siyasətçi bildirib.
"Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Gürcüstanın daxili işlərinə qarışır və ölkəni nüfuzdan salır". Bunu isə Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili deyib.
"Biz çox vaxt birbaşa ölkənin daxili işlərinə müdaxilə kimi qəbul edilə bilən bəyanatları eşidirik. Gürcüstanı beynəlxalq aləmdə nüfuzdan salmaq məqsədi daşıyan bəyanatlar da eşidirik. Təəssüf ki, bu Baltikyanı dostlarımızdan gəlir", deyə nazir qeyd edib.
Tsaxkna daha əvvəl bəyan etmişdi ki, hakim partiya heç bir legitimliyi olmayan faktiki hökumətdir. Onun sözlərinə görə, vəziyyəti yeni parlament seçkiləri keçirməklə həll etmək olar.
Gürcüstanın Avropa İttifaqı və ABŞ ilə münasibətləri yerli parlamentin xarici agentlər haqqında qanunu qəbul etməsindən və respublikanın Aİ-yə daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etməsindən sonra pisləşməyə başlayıb. 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri Qərbi də qəzəbləndirib. Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası qalib gəlib, lakin müxalifət və keçmiş prezident Salome Zurabişvili səsvermənin nəticələrini tanımayıb.
Samir