NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyansın üzvü olan Avropa ölkələri və Kanada 2014-cü ildən müdafiəyə əlavə 700 milyard dollar xərcləyib.
HİT.az xəbər verir ki. Ruttenin sözlərinə görə, NATO müttəfiqlərinin üçdə ikisi ÜDM-nin ən azı 2%-ni müdafiəyə xərcləyir.
"Mən gözləyirəm ki, daha çox müttəfiq 2025-ci ildə öz xərcləmə hədəflərini yerinə yetirəcək və ya aşacaq", deyə baş katib alyansın müdafiə nazirlərinin iclasından əvvəl keçirilən mətbuat konfransında bildirib.
Rutte deyib ki, Ukraynanın danışıqlar masasında daha yaxşı mövqe tutmasını təmin etmək üçün ona dəstəyi davam etdirmək lazımdır: "Ukrayna döyüş meydanında nə qədər güclüdürsə, danışıqlar masası arxasında bir o qədər güclü olacaq".
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı dəstək lazım olduğu müddətdə Ukraynaya silah tədarükü baxımından daha çox iş görməlidir. Eyni zamanda o, ABŞ prezidenti Donald Trampın Kiyevin maliyyələşdirilməsinin balanslaşdırılmış olması ilə bağlı mövqeyi ilə razılaşıb.
Fevralın 12-də ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder sahibkar İlon Mask NATO-nu hərtərəfli nəzərdən keçirməyə çağırıb. Bu, onun X sosial şəbəkəsinin istifadəçilərindən birinin Soyuq müharibənin bitdiyi və Şimali Atlantika Alyansının mövcudluğunun anaxronizm olduğu barədə yazdığı yazıya cavabı olub.
Samir