Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya verdiyi təkliflə diqqət mərkəzinə düşüb. O, ərazi mübadiləsi məsələsini gündəmə gətirib. Kreml isə Rusiyanın nəzarətində olan Ukrayna ərazilərinin dəyişdirilməyəcəyini bəyan edib.
Maraqlıdır, Kiyev ilə Moskva arasında ərazi mübadiləsi yaşana bilər?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Hit.az-a açıqlama verib. O bildirib ki, Zelenskinin təklifi qəbul oluna bilər:
"Məncə, son mərhələdə hər iki tərəf də bunu qəbul edə bilər. Əslində, Volodimir Zelenskinin təklifinə əsasən, Ukraynanın Kurs istiqamətində qoşunlarını geri çəkməsinin qarşılığında Rusiya da tutduğu ərazilərin bir hissəsindən geri çəkilməlidir. Yəni bu, ərazi mübadiləsi deyil. Çünki Kremlin sülh təklifi şərtinə əsasən, Ukrayna Rusiyanın ərazi bütövlüyünü tanıyan bəyanat verməli, NATO-ya üzv olmayacağını və neytrallıq statusunu elan etməlidir".
Ekspert qeyd edib ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərini nəzarəti altında qalmasını istəyir:
"Lakin həmin ərazilər Ukrayna və beynəlxalq birlik tərəfindən Rusiya torpağı kimi tanınmayacaq. Sadəcə tərəflər arasında atəşkəs sazişi imzalanacaq. Torpaqların geri qaytarılması istiqamətində isə artıq diplomatik danışıqlar yoluna gediləcək, ya da bu məsələ ilə bağlı müzakirələr sonraya saxlanılacaq.
Ümumiyyətlə, Ukraynanın Kurskdan çıxması Rusiyanın işğal etdiyi ərazilərin bir qismindən geri çəkilməsi deməkdir. Lakin burada rusların referendum yolu ilə öz əraziləri elan etdiyi yerlərdən söhbət getmir. Bu baxımdan, Volodimir Zelenskinin təklifi başadüşüləndir".
Rəşad Bayramov diqqətə çatdırıb ki, Moskva ilə Kiyev arasındakı danışıqlar prosesi uzun müddət davam edəcək:
"Ona görə ki, tərəflərin mövqeləri bir-birilə tərs mütənasibdir. Rusiya Prezidenti Vladimir Putin ümumiyyətlə Zelenski ilə bir masa arxasında oturmaq fikrində deyil. Çünki onu legitim hesab etmir. Zelenski isə hələ də Rusiya ilə danışıqlar aparmağı qadağan edən fərmanını ləğv etməyib. Hazırda iki ölkə də müharibədən yorulduğu, xeyli itki verdiyi və iqtisadi ziyana uğradığı üçün müharibəni dayandırmaq istəyir".
Lakin politoloq onu da əlavə edib ki, rəsmi Moskva indi müharibəni dayandırmağın gələcək perspektivdə Ukraynanın mövqelərini möhkəmləndirməsi kimi görür:
"Ona görə də Kiyevdən müəyyən öhdəliklər tələb edirlər. Buraya bir daha NATO-ya qoşulmamaq, öz ərazilərində başqa dövlətlərin hərbi birliklərini yerləşdirməkdən imtina etmək və Rusiyada qalacaq ərazilərlə bağlı iddia qaldırmamaq kimi öhdəliklər daxildir.
Ukrayna isə həmin ərazilərin Rusiyanın nəzarətində qalması fonunda Qərbin ayrı-ayrı ölkələrinin təhlükəsizlik zəmanəti verməsi, maliyyə yardımları edilməsi və dağılmış şəhərlərin yenidən qurulması istiqamətində təkliflər verir. Yəni hazırda vəziyyət olduqca mürəkkəbdir".
Pərviz