ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan çıxarılması isə bağlı planına etirazlar davam edir.
Son olaraq Misir dövləti də Ağ Ev rəhbərinin Qəzza layihəsinə qarşı çıxaraq, bunu qəbuledilməz adlandırdılar. Hətta buna görə Misir Prezidenti Misir prezidenti Əbdülfəttah əs-Sisinin ABŞ səfərini təxirə salacağı iddia olunur. O, Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planının gündəliyə daxil edilmə ehtimalına qarşı çıxıb.
Maraqlıdır, bütün bunların fonunda Trampın Qəzza ilə bağlı layihəsi ABŞ ilə Misir arasındakı münasibətlərin gərginləşməsinə səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, Misir siyasi baxımdan sabit ölkə deyil:
"Hər nə qədər Əbdülfəttah əs-Sisi hakimiyyətini qoruyub saxlasa da, ABŞ bu ölkəni çox rahat şəkildə qarışdıra bilər. Hətta Misirin müstəqillik tarixinə baxdıqda hərbi çevrilişlərin olduğunu görmək mümkündür. Ona görə də Misir ilə ABŞ arasında gərginlik ola bilməz".
Ekspertin sözlərinə görə, nə İordaniya, nə də Misir bu günə qədər Qəzzaya böyük bir dəstək verməyib:
"Lakin siyasi baxımdan Donald Trampın Qəzza ilə bağlı layihəsinə etiraz edirlər. Əslində, ABŞ rəhbərinin təklifi beynəlxalq hüquq cəhətdən də qanunsuzdur. Təbii olaraq kimsə bu təklifi qəbul etməyəcək. Amma buna baxmayaraq, Tramp Qəzza ilə bağlı təklifini həyata keçirmək üçün əlindən gələni edəcək. Çünki bu, onun üçün bir qədər də prestij məsələsidir".
Turan Rzayev hesab edir ki, Qəzza məsələsi Misir ilə ABŞ arasında gərginlik yaratmayacaq:
"Düzdür, buna görə ABŞ ilə Misir arasında gərginlik olacağı görünəcək. Ən azından siyasi cəhətdən bunu göstərəcəklər. Ancaq reallıqda Misir heç vaxt ABŞ ilə gərginliyi gözə ala bilməz. Düşünürəm ki, Misirdə bundan əvvəlki hökumətlərin üzləşdiyi aqibət onlar üçün dərs olmalıdır".
Pərviz