Harvard və Smithsonian Astrofizika Mərkəzindən astrofizik Ci Von Cessi Hanın rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu, Günəş ətrafında fırlanan kiçik qalaktika olan Böyük Maqellan Buludunda görünməyən böyük bir obyektin əlamətlərini aşkar edib. Bu obyektin kütləsi təxminən 600 min Günəş kütləsi qədərdir və tədqiqatçılar bunun qara dəlik olduğunu güman edirlər. Böyük Maqellan Buludu bir gün bizim qalaktikamızla toqquşacağı üçün qara dəlik də qaçılmaz şəkildə bizə yaxınlaşacaq.
HİT.az xəbər verir ki, araşdırma "The Astrophysical Journal" jurnalında dərc olunub.
Bu qara dəlik astronomlar üçün xüsusilə maraqlıdır, çünki onun kütləsi bir milyon Günəş kütləsindən azdır – bu, çox nadir hallarda rast gəlinən aralıq sinifdir. Onun mövcudluğu təsdiqlənərsə, bu, qara dəliklərin ulduzlardan nəhənglərə – milyonlarla və milyardlarla Günəş kütləsinə qədər necə böyüdüyünü başa düşməyə kömək edəcək.
Qara dəlikləri aşkar etmək asan deyil: onlar maddə udmadıqca və parlaq şüalanma yaratmadıqca görünməz qalırlar. Buna görə də alimlər dolayı əlamətlər axtarırlar, məsələn, ulduzların qeyri-adi hərəkətləri. Məsələn, Süd Yolu mərkəzindəki Sagittarius A* qara dəliyinin kütləsi (təxminən 4,3 milyon Günəş kütləsi) onun ətrafında fırlanan ulduzların orbitlərini öyrənərək müəyyən edilib.
Lakin Hanın komandası başqa bir yana getdi və sözdə hiper sürətli ulduzları – digərlərindən əhəmiyyətli dərəcədə sürətli hərəkət edən ulduzları araşdırıb. Onların sürətlənməsi Hills mexanizmi ilə əlaqədar ola bilər: bu hadisə iki ulduz qara dəliyin yaxınlığından keçdikdə baş verir. Cazibə qüvvəsi onlardan birini qalaktikalararası məkanə çox yüksək sürətlə atır.
Araşdırma üçün alimlər Süd Yolunun ulduzlarının, onların mövqelərinin, hərəkətlərinin və sürətlərinin ətraflı xəritəsini tərtib edən Gaia kosmik teleskopunun məlumatlarından istifadə etdilər. 21 hiper sürətli ulduzun trayektoriyalarını təhlil edən komanda onların yollarını mənbəyə qədər izləyib. Məlum olub ki, yeddi ulduz Sagittarius A* ətrafındakı bölgədən, doqquz ulduz isə Böyük Maqellan Buludu bölgəsindən atılıb. Məhz bu doqquz ulduz təxminən 600 min Günəş kütləsi olan gizli qara dəliyin mövcudluğunu göstərir.
Böyük Maqellan Buludu Süd Yolundan təxminən 160 min işıq ili uzaqlıqda yerləşir və tədricən yaxınlaşır. Astronomların hesablamalarına görə, toqquşma 2 milyard il sonra baş verəcək. Nəticədə bu qalaktikadan olan qara dəlik Süd Yolunun mərkəzinə çatacaq, Sagittarius A* ilə birləşəcək və daha da böyük bir qara dəlik yaradacaq. Alimlərin fikrincə, qalaktikaların birləşməsi prosesində qara dəliklər öz kütlələrini məhz belə artırırlar.
Baxmayaraq ki, insanlıq bu kosmik rəqsi öz gözləri ilə görə bilməyəcək, alimlər ümid edirlər ki, sonrakı tədqiqatlar sirli obyektin mövcudluğunu təsdiqləməyə və qara dəliklərin böyümə proseslərini daha dərindən başa düşməyə kömək edəcək.
Samir