Rusiya-Ukrayna müharibəsi fevralda dayanacaq? - "İlkin razılıq əldə olunub"

DÜNYA
09:52 / 18.02.2025
183

"Rusiya-Ukrayna müharibəsi başladıqdan indiyə kimi ilk dəfə real platforma yaranıb". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O xatırladıb ki, artıq ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub:

"Bu, ondan xəbər verir ki, Qərb tərəfindən əsas söz sahibi olan ABŞ və müharibə tərəfi Rusiya ilə bu məsələdə razılığa gəlmək ehtimalları böyükdür. Hətta liderlərin telefon danışığından sonra nümayəndə heyətlərinin, ardınca isə prezidentlərin görüşü nəzərdə tutulub".

367862

Ekspert qeyd edib ki, Donald Tramp seçki öncəsi vədləriə uyğun olaraq, Rusiya-Ukrayna müharibəsini dayandırmağa yönəlik addımlar atmaqda israrlı olduğunu bir daha göstərir:

"Eyni zamanda, artıq Avropa ölkələrinin də narahatçılığı onu deməyə əsas verir ki, bu məsələdə ilkin razılaşma var. Təbii ki, konkret detallardan söhbət getməsə də, atəşkəsin əldə edilməsi, daha sonra isə Rusiya və Ukraynaya münasibətin müəyyən olunması gözlənilir. Ümumi olaraq müharibəyə dair əsas bir çox məsələlərdə razılaşma əldə olunub. Əgər Tramp-Putin görüşü baş tutsa, orada detallar müzakirə olunacaq". 

Xəyal Bəşirov vurğulayıb ki, Rusiya indiki mərhələdə Krım, Donetsk, Luqansk, Xerson və Zaporojyadan heç bir halda vaz keçməyəcəyi barədə şərt irəli sürüb:

"Həmçinin, rəsmi Moskva Ukraynanın NATO-ya qəbul edilməməsi ilə bağlı öz mövqeyini bildirib. Məncə, Xarkovda olan rus ordusunun Kurskda olan Ukrayna hərbçiləri ilə yerlərini dəyişməsi ilkin razılaşmadır. Hələ ki, bu prosesin ilkin mərhələsində Avropanın iştirakı təmin olunmur.

Üstəlik, ABŞ-nin yeni müdafiə naziri Pik Heqset də Ukraynanın NATO-ya üzv olmasının və ya Rusiyanın müharibədən əvvəlki ərazilərə qayıtması məsələsinin danışıqların gündəmində olmadığını deyib. O həm də bildirib ki, ABŞ-nin Ukraynaya hansısa formada ordu yeritməsi də qeyri-mümkündür. Hətta ölkəsinin Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələdə iştirakını da istisna edib". 

Onun sözlərinə görə, fevral ayında Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ilkin addımlar atıla bilər:

"Düşünürəm ki, Moskva ilə Vaşinqton arasında artıq ilkin razılaşma əldə olunub. Onların üzərində işlənməsi və ya əlavə dəyişiklərin edilməsi liderlərin görüşündən sonra nümayəndə heyətinin aparacağı detallı müzakirədə aparılacaq. Fevral ayında Rusiya-Ukrayna müharibəsinin gedişatında ilkin razılaşmalara şahid olacağıq". 

Pərviz

0