Balkanların incisi: Xorvatiya 2025-ci ilin Avropada ən yaxşı turizm ölkəsi seçildi

DÜNYA
22:12 / 19.02.2025
101

Xorvatiya 2025-ci ildə Avropada səyahət üçün ən yaxşı ölkə elan edilib.

HİT.az xəbər verir ki, "Europe's Best Destinations" portalının keçirdiyi sorğuda 158 ölkədən 1 milyondan çox səyahətçi iştirak edib və Xorvatiya “unutulmaz gözəllik və macəralar diyarı” adlandırılaraq birinci yerə layiq görülüb.

Reytinq müəllifləri Xorvatiyanın müxtəlif landşaftları, təbiət möcüzələri və mədəni irsi ilə seçildiyini bildiriblər:

"Xorvatiya Avropanın ən yaxşı turizm məkanlarını geridə qoyaraq, nəfəs kəsən mənzərələri, gözoxşayan təbiəti və zəngin tarixi ilə fərqlənir. İstər mükəmməl çimərliklər, istər qədim şəhərlər, istərsə də yaşıllıqla örtülmüş təbiət guşələri və ya yelkən idmanı üçün ideal marşrutlar axtarır olun, Xorvatiya bunların hamısını təklif edir".

Bu Balkan ölkəsi toxunulmamış sahil xətləri, zümrüd yaşıllığında meşələr, təpəlik kənd yerləri, möhtəşəm dağlar və minlərlə nağılvari ada ilə turistlərin diqqətini cəlb edir.

Avropanın 2025-ci ildə ən yaxşı 10 turizm məkanı

1. Xorvatiya
2. İspaniya
3. Avstriya
4. İtaliya
5. Yunanıstan
6. Portuqaliya
7. Fransa
8. Türkiyə
9. Almaniya
10. İrlandiya

İspaniya Avropanın ən gözəl ölkələrindən biri kimi ikinci yeri tutarkən, lüks və təbiətin harmoniyasını özündə birləşdirən Avstriya üçüncü sırada qərarlaşıb.

Xorvatiyanın bu mükafatı qazanması, onun turizm potensialının və unikal təbiətinin qlobal miqyasda yüksək dəyərləndirildiyini bir daha sübut edir.

Samir

0