Alimlər ilk dəfə başqa bir planetin 3D atmosfer xəritəsini yaratdı

DÜNYA
15:15 / 19.02.2025
98

Alimlər ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir planetin atmosferinin üçölçülü (3D) xəritəsini hazırlamağa müvəffəq olublar. 

HİT.az xəbər verir ki, mütəxəssislər bu nailiyyəti atmosferin tədqiqi və digər planetlərdəki hava şəraitinin öyrənilməsi baxımından mühüm bir elmi irəliləyiş kimi qiymətləndirirlər.

"Independent" nəşrinin məlumatına görə, tədqiqatçılar əvvəllər rast gəlinməyən bir dünya aşkarlayıblar. Bu planetin atmosferində güclü küləklər mövcuddur və bu küləklər kimyəvi elementləri bir yerdən başqa yerə daşıyır. Alimlər bu tapıntının hava sistemləri ilə bağlı ənənəvi anlayışları dəyişdirdiyini bildirirlər.

Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının (ESO) tədqiqatçısı və araşdırmanın baş müəllifi Culiya Viktoriya Zaydel bu kəşfi belə şərh edib:

"Bu planetin atmosferi hava şəraitinin necə işlədiyinə dair anlayışımızı sınağa çəkir – təkcə Yer üçün deyil, bütün planetlər üçün. Bu kəşf elə bil elmi fantastika hekayəsindən çıxıb".

Tədqiqatçılar tərəfindən tədqiq edilən planet WASP-121b, yaxud Tilos adlanır. Bu ultra-isti ekzoplanet Yerdən təxminən 900 işıq ili uzaqlıqda yerləşir. Ulduzuna son dərəcə yaxın olduğu üçün bu planetdə bir il cəmi 30 Yer saatı davam edir.

Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopundan istifadə edən astronomlar, planetin atmosferini araşdıraraq gözlənilməz nəticələrlə qarşılaşıblar.

Araşdırma zamanı planetin atmosferində fövqəladə güclü külək axınlarının olduğu müəyyən edilib.

"Kəşf etdiyimiz mənzərə bizi heyrətləndirdi: ekvator boyunca maddələri daşıyan reaktiv külək axını var, atmosferin aşağı qatlarında isə başqa bir axın qazları planetin isti tərəfindən soyuq tərəfinə aparır. Belə bir iqlimə daha əvvəl heç bir planetdə rast gəlinməyib. Hətta Günəş sistemindəki ən güclü qasırğalar belə bu planetdəki küləklərlə müqayisədə sakit görünür", deyə Zaydel bildirib.

Əlavə olaraq, alimlər bu atmosferdə titan elementinə rast gəliblər. Halbuki əvvəlki müşahidələrdə belə bir maddənin olmadığı düşünülürdü.

İsveçin Lund Universitetindən tədqiqat qrupuna rəhbərlik edən Bibiana Prinot, bu kəşfin elm üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirib:

"Bizim belə uzaq məsafədə yerləşən bir planetin kimyəvi tərkibini və hava şəraitini bu qədər detallı şəkildə araşdıra bilməyimiz həqiqətən heyrətləndiricidir".

Bu araşdırma, uzaq planetlərin atmosfer şəraitini daha dərindən öyrənmək və ekzoplanetlərin iqlim sistemlərini anlamaq üçün mühüm bir addım hesab olunur.

Samir

0