Oksford Əhali Sağlamlığı Mərkəzinin alimləri müəyyən ediblər ki, ekoloji faktorlar erkən ölüm riskindəki variasiyanın 17%-ni izah edir, 2%-dən az hissəsi isə genetik meyllə bağlıdır.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Medicine" (NatMed) jurnalında dərc olunub.
Alimlər Böyük Britaniyanın Biobank tərəfindən təqdim edilən təxminən yarım milyon insanın məlumatlarından istifadə ediblər. Tədqiqatçılar 22 əsas xəstəlik üçün 164 ətraf mühit stimulunun və genetik risk faktorunun qocalmaya, yaşa bağlı xəstəliklərə və ömür uzunluğuna təsirini qiymətləndirməyi hədəfləyiblər.
Nəticələr göstərib ki, genetik meyl erkən ölüm riskindəki fərqin yalnız 2%-ni təşkil edir. 25 müstəqil ekoloji faktordan siqaret, sosial-iqtisadi vəziyyət, fiziki fəaliyyət və həyat şəraiti ölüm və bioloji qocalmaya ən çox təsir edib.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, 21 xəstəlik siqaretlə, 19 xəstəlik sosial-iqtisadi amillərlə (ailənin gəliri, ev sahibliyi və məşğulluq vəziyyəti), 17 xəstəlik isə fiziki fəaliyyətlə bağlıdır.
10 yaşında bədən çəkisi və hamiləlik zamanı ananın siqaret çəkməsi də daxil olmaqla, erkən yaşda sağlamlığa təsir edən amillərin də yaşlanmaya və 30-80 il sonra vaxtından əvvəl ölüm riskinə təsir göstərdiyi göstərilib. Ətraf mühitə məruz qalmalar ağciyər, ürək və qaraciyər xəstəliklərinin inkişaf ehtimalını böyük ölçüdə müəyyən edir, demans və döş xərçəngində isə genetik risk üstünlük təşkil edir.
Samir