"İndiki halda Donald Tramp və Vladimir Putin arasında görüşün baş tutmamasının səbəbi ABŞ Prezidenti ilə bağlıdır".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya tərəfi bu səviyyədə görüşə hazır olduqlarını dəfələrlə bəyan edib:
"Lakin Tramp konkret nəticələr əldə edə biləcəyinə əmin olanda Putin ilə görüşəcək. Konkret nəticələrin əldə olunması üçün isə danışıqlar aparılır. Vaşinqton və Moskva rəsmiləri arasında aparılan danışıqlar Rusiyanın şərtlərinin öyrənilməsi və nələri güzəştə gedəcəyi ilə bağlı ümumi fikrin formalaşması məqsədi daşıyır".
Ekspertin fikrincə, növbəti mərhələdə ABŞ ilə Ukrayna arasında da danışıqlar aparılacaq:
"Rəsmi Vaşinqton mütləq şəkildə Ukrayna tərəfinin də mövqeyini öyrənməlidir və Rusiyanın hansı şərtlər daxilində müharibənin dayanmasına razı olduğunu onların diqqətinə çatdırmalıdır. Hər iki tərəfin fikirlərini öyrəndikdən sonra sənəd hazırlanaraq ortaq bir mövqe formalaşdırılmalıdır.
Məncə, ondan sonra Donald Trampın Vladimir Putin və Volodimir Zelenski ilə görüşü gözlənilə bilər. İndi isə elə bir görüşün keçirilməsinə ehtiyac yoxdur. Çünki görüşün səmərəsiz keçirilməsi Trampın reytinqini aşağı salar".
Politoloq qeyd edib ki, Tramp hər iki tərəfin mövqelərini öyrənib, onlar arasında uzlaşma yaradandan sonra görüş keçirmək istəyir:
"İndiki mərhələdə Moskva ilə Kiyevin mövqeləri o qədər fərqlidir ki, davamlı şəkildə danışıqların keçirilməsinə ehtiyac var. Faktiki olaraq, Putin Zelenski ilə bir masa arxasında oturmaq istəmir, Zelenski isə Rusiya ilə danışıqları qadağan edən fərmanını hələ də geri çəkməyib.
Həmçinin, rəsmi Kiyevin tələb etdiyi beynəlxalq zəmanətlə bağlı məsələlərin indiyə qədər həll olunmaması, Ukrayna ərazisində müxtəlif ölkələrin hərbi birliklərinin yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı məsələlər açıq qalır. Bundan əlavə, Ukraynanın neytrallığını elan edib-etməyəcəyi və ya gələcəkdə güclənərsə, işğal altında qalan ərazilərini geri almaq üçün müharibəyə başlayıb-başlamayacağı kimi çox sayda açıq qalan məsələlər var".
Rəşad Bayramovun sözlərinə görə, bütün bu məsələlərin bir-bir müzakirə olunmasından sonra Trampın konkret sənəd əsasında liderlə görüşməsi daha məqsədəuyğundur:
"Ona görə də indiki halda Tramp-Putin görüşü baş tutmur. Lakin artıq iki dövlət arasında təmasların başlaması və Rusiya ilə ABŞ-nin hansısa məsələlərdə ortaq mövqedən çıxış edə bilmə ehtimalları onu deməyə əsas verir ki, Tramp bir müddət sonra belə bir görüşün keçirilməsinə razılıq verəcək.
Çünki xarakter etibarilə Tramp uzun-uzadı danışıqlar aparmaq tərəfdarı deyil. O, daha çox təzyiqlər yolu ilə maksimum tez bir halda bu və ya digər razılaşmaların əldə olunmasına çalışan liderdir. Düşünürəm ki, bir neçə aylıq danışıqlar mərhələsindən sonra Trampla Putin arasında görüşə də şahidlik edəcəyik".
Pərviz