Trampın Zelenskiyə qarşı aqressiyasına səbəb nədir?

DÜNYA
11:30 / 21.02.2025
138

"Əslində, ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə bağlı heç bir problemi yoxdur".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O, Trampın Zelenskiyə qarşı bu qədər sərt mövqe sərgiləməsinin əsas səbəbindən danışıb:
"Zelenski Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaqla bağlı planlarını pozmağa cəhd edir. Bu səbəbdən də Tramp ona qarşı belə sərt mövqe sərgiləyir. Daha dəqiq desək, ABŞ Prezidenti indiki məqamda Rusiya-Ukrayna müharibəsinin aktiv fazasını bitirmək istəyir".

Politoloq hesab edir ki, böyük ehtimalla Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalanmayacaq:


"Düşünürəm ki, tərəflər arasında 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs müqaviləsi kimi, yəni ATƏT-in Minsk Qrupu formatında bir proses olacaq. Bu isə o deməkdir ki, mövcud işğal vəziyyəti qalmaq şərtilə, atəşkəs imzalanacaq. Çünki Donald Tramp tamamilə başqa məsələyə fokuslanmaq istəyir. Onun hədəfi əsasən Yaxın Şərq, Arktika və Çin məsələsinə fokuslanmaqdır. Buna görə də Rusiya-Ukrayna müharibəsinin bitməsi lazımdır". 

Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanındakı danışıqlarda Rusiya tərəfi Zelenskinin buna razı olmayacağını demiş ola bilər:


"Yəqin ki, onlar Zelenskinin hakimiyyətdən getməsinin vacibliyini irəli sürüblər. Hesab edirəm ki, Trampın son zamanlarda Zelenski ilə bağlı sərt ritorikası da məhz bununla bağlıdır. O, bir növ Ukrayna liderinə qarşı spekulyasiya etməyə çalışır.

Hətta düşünürəm ki, Ukraynada prezident seçkiləri keçirilsə, Volodimir Zelenski yenidən seçilməyəcək. Lakin seçilsə belə, Trampın bu məsələdə geri çəkilmə ehtimalları və ya Zelenskinin müqavimət imkanları çox azdır. Ona görə ki, Ukrayna və ya Avropa İttifaqı Trampın planlarından kənara çıxa bilməyəcək, əvvəl-axır buna razı olacaqlar". 

Pərviz

0