Ukraynadakı münaqişənin üçüncü ilində Rusiyanın qalıq yanacaq ixracından əldə etdiyi gəlir 242 milyard avro (253,8 milyard dollar) təşkil edib. Üstəlik, gəlirin bir hissəsi, sanksiyalara baxmayaraq, dolayı yolla Qərb ölkələrindən gəlib.
HİT.az "Newsweek Exclusive" nəşrinə istinadən xəbər verir ki, bu barədə yeni hesabatda deyilir.
Moskvaya iqtisadi dəstəyi dayandırmağa çalışan Müstəqil tədqiqat təşkilatı Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) və B4Ukraine qrupunun hesabatına görə, 2022-ci ildə hərbi əməliyyatlar başlayandan bu yana Rusiya qalıq yanacaq satışından ümumilikdə 847 milyard avro gəlir əldə edib.
Gəmiçilik bazarlarını araşdıran qlobal ticarət kəşfiyyatı şirkəti Kpler-in məlumatlarına əsaslanan hesabat eksklüziv olaraq "Newsweek"ə təqdim edilib.
Qərbin sanksiyalarına baxmayaraq əldə edilən və hesabatda açıqlanan mənfəətin həcmi Rusiyanın 2021-ci ildə qalıq yanacaq ixracından qazandığı güman edilən 199,1 milyard dollarla ziddiyyət təşkil edir.
Rusiyanın ümumi gəliri Pentaqonun Moskvanın 2022-ci ildən 2024-cü ilə qədər hərbi münaqişəyə xərcləyəcəyini təxmin etdiyi 211 milyard dollardan bir neçə dəfə çoxdur.
Bir çox ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Hesabatda bəzi yanacaq məhsullarının Çin, Hindistan və Türkiyə daxil olmaqla üçüncü ölkələr vasitəsilə Qərbə çatdığı bildirilir.
Ümumilikdə, xam neft Rusiyanın əsas gəlir mənbəyi olub və 104 milyard avro gəlir gətirib. Digər qalıq yanacaqlara qaz, kömür və mayeləşdirilmiş təbii qaz daxildir.
Hesabatda deyilir ki, 2022-2024-cü illər arasında xarici şirkətlər Moskvaya 60 milyard dollar vergi ödəyib. Buraya "Newsweek"in yanvarda ilk verdiyi kimi, 2023-cü ildə 1,2 milyard dollar mənfəət vergisi ödəmiş Rusiyadakı Amerika firmaları daxildir. Bu, ABŞ-ı Kremlə bu cür vergilərin ən böyük ödəyicisi edib.
Hesabatda həmçinin iddia edilir ki, Moskva digər məhsullarla yanaşı, silah istehsalında istifadə olunan kompüter ədədi idarəetmə (CNC) maşınlarını da xarici mənbələrdən idxal etməyə davam edir. Bu tədarükün 63%-ni Çin, 9%-ni Tayvan, 5,5%-ni Cənubi Koreya istehsal etdiyi bildirilir.
Samir