Macarıstanın baş naziri Viktor Orban və amerikalı milyarder İlon Mask növbədənkənar Bundestaq seçkilərində qalib gələn CDU/CSU partiyasına məhəl qoymayaraq, ikinci yeri tutan ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını təbrik ediblər.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
"Alman xalqı böyük səs çoxluğu ilə dəyişikliyə səs verdi. Mən Elis Vaydeli (AfD partiyasının lideri-red.) AfD-nin səs payını ikiqat artırması münasibətilə təbrik etmək istəyirəm. Uğurlar, Tanrı Almaniyanı qorusun!", deyə Orban X sosial şəbəkəsində yazıb.
Mask bu yazıya şərhində Vaydeli də təbrik edərək, bu böyümə sürətində AfD-nin "növbəti seçkiyə qədər çoxluq partiyası" olacağını vurğulayıb.
Vaydel özü bildirib ki, o, Maskdan şəxsi salamı olan mesaj alıb:
"Bu səhər telefonumu açanda gördüm ki, ABŞ-dan, o cümlədən İlon Maskdan şəxsi salamlarla bağlı zənglər və mesajlar almışam. Bu gün zəng edəcəyəm - kimə, burada və indi deməyəcəyəm, çünki bu, müəyyən bir etimad səviyyəsini ehtiva edir, lakin biz əlaqə saxlayırıq. Biz Almaniyada beynəlxalq səviyyədə tanınan qüvvəyik. Biz bütün tərəflərlə, o cümlədən Tramp administrasiyası ilə əlaqə saxlayırıq".
Almaniyada keçirilən növbədənkənar Bundestaq seçkilərində Fridrix Merzin rəhbərlik etdiyi CDU/CSU bloku qalib gəlib. İkinci yerdə Rusiyayönlü Almaniya üçün Alternativ Partiyası qərarlaşıb. Kansler Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası üçüncü olub.
ABŞ prezidenti Tramp Almaniyada keçirilən parlament seçkilərində mühafizəkar qüvvələrin qələbəsini təbrik edib: "Görünür, Almaniyada mühafizəkar partiya seçkilərdə çox böyük və gözlənilən qələbə qazanıb. Bu, Almaniya və Amerika Birləşmiş Ştatları üçün böyük bir gündür. Hər kəsi təbrik edirəm - daha çox qələbələr gözləyirik".
Samir