"Düşünürəm ki, bu gün Rusiya-Ukrayna müharibəsinin bitməsindən söhbət getmir".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, müharibənin tam bitməsi tərəflərin bir-birilə razılaşması və sülh sazişinin imzalanması deməkdir:
"Lakin hazırda Ukraynanın Rusiyanın şərtləri ilə müharibəbinin başa çatmasını qəbul etmədiyi görünür. Hətta rəsmi Kiyev qəbul etmək məcburiyyətində qalsa belə, Ukraynaya havadarlıq edənlər bununla razılaşmırlar.
Əslində, hansısa sazişin imzalanması ilə münaqişə tam bitməyəcək, onu növbəti dövrlərə təxirə salacaq. Yəni bu, sadəcə olaraq müvəqqəti atəşkəs əldə etmək mənasına gələcək. İndiki mərhələdə sadəcə atəşkəsin əldə edilməsi üçün addım atılacaq".
Ekspert qeyd edib ki, atəşkəsin əldə edilməsi hər iki tərəfə müəyyən vaxt qazandıracaq:
"Ukrayna gələcəkdə yenidən güclənərək və dəstək alaraq işğal altında qalan torpaqlarını qaytarmaq üçün addım ata bilər. Yəni burada müharibənin bitməsindən söhbət getmir. Sadəcə olaraq Rusiya ilə Ukrayna arasındakı müharibədə müəyyən müddətlik fasilə elan oluna bilər. Ən azından hazırkı mərhələdə müharibənin və itki verilməsinin qarşısının alınması üçün belə bir addımın atılması mümkündür".
Onun sözlərinə görə, hazırda Rusiya işğal etdiyi Ukrayna ərazilərini nəzarəti altında saxlamağa çalışacaq:
"Əslində, Rusiyanın müharibənin əvvəlindəki əsas məqsədi bütün Ukraynanı nəzarət altına almaq idi. Hərçənd ki, 3 il ərzində aparılan müharibədə buna nail ola bilmədilər. Ümumiyyətlə, indiki şərtlər daxilində belə atəşkəs əldə olunması Rusiyanın istəyinə nail olması demək deyil".
Xəyal Bəşirov vurğulayıb ki, Rusiyanın işğal etdiyi əraziləri öz nəzarətində saxlaması pis president yarada bilər:
"Gələcəkdə Rusiya Ukraynanın digər ərazilərinə də iddia edə bilər. Həmçinin, Moskva hakimiyyətinin digər istiqamətlərdə də özünün böyük xəyallarını həyata keçirməklə bağlı addımlar atmağa çalışması mümkündür. Eyni zamanda, bu nəticəni görən başqa dövlətlər də analoji addımı atmaq istəyəcəklər.
Bu, beynəlxalq hüququn iflasa uğramasını və Birləşmiş Millətlər Təşkilatının (BMT) mexanizmlərinin işləmədiyini göstərəcək. Görünür, beynəlxalq münasibətlərdə dövlətlər arasındakı sivil qaydalar getdikcə aradan qalxır. Bu isə öz növbəsində bəşəriyyət və insanlıq üçün müsbət heç nə vəd etmir. Çünki güclü dövlətlər zəif dövlətlərə hücum edərək onların ərazilərini işğal etməyə çalışacaq. Təbii ki, bu da müharibələri və kataklizmləri artıracaq".
Pərviz