Venesiya tətilinə gedən bir cütlük təyyarədə həyatlarının şokunu yaşayıb. Onlar təyyarədə ölən biri ilə yana-yana səyahət edib. Tətil başlamadan qorxu filminə çevrilib.
HİT.az xəbər verir ki, Mitçell Rinq və Cennifer Kolin Melburndan Venesiyaya gedən Qatar Hava Yolları təyyarəsində səyahət edərkən dəhşətli dəqiqələr yaşayıb.
Təyyarə havada ikən bir qadın tualetə getdikdən sonra koridorda huşunu itirib və yerə yıxılıb. Qadın kabin əməkdaşlarının müdaxiləsinə baxmayaraq, həyatını itirib və vəzifəlilər qadının cansız bədənini oturacağına oturtmaq məcburiyyətində qalıb. Daha sonra bir parçaya sarılan qadın, yaşlı cütlüyün yanında oturmuş vəziyyətdə qoyulub.
Mitçell Rinq və Cennifer Kolin adlı cütlük ölü bir bədənlə təyyarədə saatlarla səyahət edib. Cansız qadının yanında oturan Mitçell Rinq və Cennifer Kolin yaşadıqları dəhşət dolu anları danışıb.
"Təəssüf ki, qadını xilas edə bilmədilər, bunu izləmək çox sarsıdıcı idi. Onu hərəkət etdirməyə çalışdılar və portativ stula oturtmaq istədilər, amma mümkün olmadı. Bir az iri qadın idi və koridordan keçirə bilmədilər. Sonra koridorda boş oturacaqlara baxdılar və bizim bir sıra geriyə sürüşüb yer verməyimizi istədilər. Qadının üstünü parça ilə örtdülər və dörd saat boyunca birlikdə səyahət etdik", deyə Rinq bildirib.
Kolin isə bu hadisədən sonra travma yaşadığını deyib: "Kabin əməkdaşları təyyarə Dohaya enəndən sonra bizi dərhal təxliyə etmədilər. Polis və ilk yardım komandaları hadisə yerinə gəldi və araşdırma apardı".
Qatar Hava Yolları hadisə ilə bağlı sorğu-sual başladığını bildirib. Cütlük hava yolu şirkətindən şikayət edib.
Samir