Sakit okean ada dövləti Nauru əhalisini qlobal istiləşmənin təsirindən qorumaq üçün vəsait toplamaq üçün pasport satışına başlayıb.
HİT.az “The Guardian”a idtinadən xəbər verir ki, 89 ölkəyə vizasız gediş-gəliş imkanı verən Nauru pasportu 105 min dollara başa gələcək.
Onilliklər ərzində Nauru iqtisadiyyatı zəngin fosfat yataqları hesabına inkişaf edib. Lakin yataqlar tükənib və işlənmə adanın ərazisinin təxminən 80%-ni yaşayış üçün yararsız edib. İndi Nauru sakinlərinin 90%-i (orada 13 000 nəfər yaşayır) adanın başqa hissələrinə köçməli olacaq və dövlət bütün iqtisadiyyatın yenidən qurulması vəzifəsi ilə üzləşib.
“Qızıl pasportlar” proqramında bunun üçün vəsait nəzərdə tutulmalıdır. Fəaliyyətinin ilk ilində səlahiyyətlilər 5,7 milyon dollar almağı gözləyirlər. Proqramın maksimum məqsədi 500 pasport sataraq, cəmi 43 milyon dollar qazanmaqdır ki, bu da bütün büdcə gəlirlərinin demək olar 20%-ni təşkil edir.
Bu, artıq Nauru hakimiyyətinin pasport satışı vasitəsilə büdcəyə vəsait toplamaq üçün ikinci cəhdidir. 2003-cü ildə həyata keçirilən birincisi, böyük qalmaqalla başa çatıb: pasportları sonradan Asiyada həbs edilən "Əl-Qaidə" üzvləri alıblar. Bu dəfə Nauru səlahiyyətliləri keçmiş səhvləri nəzərə almaq və pasportları yalnız "ən ciddi və hərtərəfli yoxlama prosedurlarından keçəcək" həqiqi investorlara satmaq niyyətindədir.
Samir